2022-ci ilin sentyabrında Azərbaycanda maye karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə 5 min barel/sutka artıb və orta hesabla 0,7 milyon barel/sutka təşkil edib. Eyni zamanda, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 38 min barel/sutka azalıb.
Yenicag.az bu barədə bazar ertəsi OPEC-in aylıq hesabatına istinadən məlumat verir.
“Rəsmi mənbələrə əsasən, xam neft hasilatı orta hesabla 558 min barel/sutka təşkil edib. Qiymətləndirmələrə əsasən, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının əvvəlki illə müqayisədə 6 min barel/sutka azalacağı və orta hesabla 0,7 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Proqnozlar 2022-ci ilin üçüncü rübündə iri neft yataqlarında hasilatın gözləniləndən 10 min barel/sutka daha az olması ilə əlaqədar azaldılıb. 2022-ci ildə ölkədə yeni neft layihələrinin işə salınması gözlənilmir, köhnə yataqlardakı azalma isə digər yataqlardan hasilatın artırılması hesabına kompensasiya olunacaq”, – hesabatda deyilir.
OPEC-in məlumatlarına əsasən, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı 49 min barel/sutka artaraq 0,8 milyon barel/sutkaya çatacaq. Artım “Şahdəniz”, və “Abşeron” yataqları, eləcə də “Mərkəzi-Şərqi Azəri” layihəsi hesabına təmin olacaq./Trend/