OPEC-in qərarı neft bazarını “dirildəcək?” – “Gündəlik hasilatı azaltmaq problemin həlli deyil” – Natiq Cəfərli

“Tankerlərin icarə qiyməti 8-10 dəfə bahalaşaraq, gündəlik 20-25 min dollardan 200 min dollara qədər yüksəlib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında OPEC+ ölkələri tərəfindən gündəlik neft hasilatını azaltmaq barədə ötən gün qəbul olunmuş qərarın dünya bazarındakı vəziyyətə mümkün təsirlərini şərh edən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərli bildirib ki, neft istehsal edən ölkələrin hasilatı birdən-birə kəskin azaltmaları texniki, iqtisadi və sosial səbəblərə görə mümkün deyil:

“OPEC+ əsasən, bəyanatlarla bazara yön verməyə çalışır. ABŞ prezidenti Donald Trampın dedikləri bir tərəfdən, OPEC dövlətlərinin açıqlamaları isə digər tərəfdən elə bir psixoloji hava yaratmağa çalışır ki, neft ucuzlaşmasın.

Burada söhbət neft qiymətinin artırılmasından yox, dünya bazarında 30 dollardan aşağı düşməsinin qarşısını almaqdan gedir. Neft bazarında iki önəmli məsələ var. Birinci məsələ odur ki, aprel ayında dünyada gündəlik neft hasilatı orta rəqəmlə 101 milyon barrel olacaq.

Çünki hasilatın azaldılması ilə bağlı qərar may ayının 1-dən qüvvəyə minəcək. Bu gün dünyada neftə gündəlik tələbat ən yaxşı halda 75 milyon barrel olmalıdır. Belədə isə bazarda hər gün 25 milyon barrel artıq neft var. Artıq nefti saxlamağın özü də problemdir. Anbarlar və başqa ehtiyat yerləri tamamilə dolub.

Aprel ayı ərzində heç bir kəsinti olmayacağı üçün bütün ölkələr qadağanın qüvvəyə minəcəyi vaxta qədər maksimum dərəcədə hasilatı artırmağa çalışacaqlar. Ona görə də, apreldə anbarların neftlə doldurulması prosesi baş verəcək”.

İqtisadçı bildirib ki, dünya neft bazarınin bundan sonra daha böyük problemlə üz-üzə qalacağı istisna deyil:

“Gündəlik neft hasilatının 10-15 milyon barrel azaldılması problemdən çıxış yolu deyil. Çünki dünyanın neftə tələbatı getdikcə azalacaq. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, aprel ayının sonuna qədər istehlakın daha 10 milyon barrel azalacağı gözlənilir. Bu isə o deməkdir ki. Gündəlik neft istehlakı 60 milyon barrelə düşə bilər.

Bu məntiqlə dünyada hər gün 40 milyon barrel artıq neft qalacaq, onu harasa yerləşdirmək lazımdır. Neft elə bir məhsuldur ki, onun xüsusi saxlanma qaydaları var.

Dünyada hər şeyin qiyməti düşür, bir tankerlərin icarə qiymətlərindən başqa. Tankerlərin icarə qiyməti 8-10 dəfə bahalaşaraq, gündəlik 20-25 min dollardan 200 min dollara qədər yüksəlib. Çünki boş tanker qalmayıb. Hazırda yalnız Çin və Hindistandakı rezervarlarda müəyyən boş yerlər qalıb. Onlar da apreldə neft alışını artıracaqlar.

Bu gün neftin qiyməti real dəyərindən daha ucuzdur. Səudiyyə Ərəbistanı neftin barrelini 15-16 dollara satır. Əslində, neft bazarının çöküşü rezervuarların dolmasından sonra başlayacaq. Rezarvarlar dolur, istehsalı da saxlamaq mümkün deyil.

Çünki elə ölkələr var ki, isehsalı saxlasalar, neft quyularını itirəcəklər. Ona görə də, istehsalı tamamilə saxlamaq mümkün deyil. Bu nöqteyi nəzərdən, bəyanatlarla, siyasi çıxışlarla, müəyyən addımlarla neftin qiymətini heç olmasa, 30-35 dollar həddində saxlamağa çalışacaqlar. Dünyada iqtisadi münasibətlər yenidən bərpa olunmasa, neftin qiymətini indiki səviyyədə saxlamaq çətin olacaq”.

Xatırladaq ki, OPEC və digər neft istehsal edən ölkələr mayın 1-dən 30-na qədər gündəlik neft hasilatını 10 milyon barrel azaldacaqlar. Ümumi qərara əsasən, bu il iyun ayından 2021-ci ilə qədər olan müddətdə gündəlik hasilat 8 milyon barrel, 2022-ci il aprelin 30-na qədər isə gündəlik hasilat 6 milyon barrel azaldılacaq.

Səxavət Məmməd