OPEK parçalanacaq – Ekspertdən sensasion açıqlama – Yenicag.Az

Reklam

Reklam

“Son bir gündə neftin qiymətində baş verən ucuzlaşmaya səbəb olan amillərdən başlıcası ABŞ və Rusiya prezidentlərinin Helsinki görüşüdür. Hesab olunur ki, bu görüşdə hər iki dövlət prezidenti qlobal neft bazarında tarazlığın bərqərar olması ilə bağlı ümumi fikrə gəliblər. Bu görüş ərəfəsində Rusiyanın yanacaq və energetika naziri Novak da bəyan etdi ki, neft bazarında tarazlığın bərqərar olması və qiymət dalğalanmasının qarşısını almaq üçün şimal ölkəsi gündəlik neft hasilatını artıra bilər. Bu amil fonunda baş tutan görüş son bir sutka ərzində neftin qiymətinin aşağı düşməsinə gətirib çıxardı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında neftin qiymətinin ucuzlaşmaqda davam etməsinə münasibət bildirərkən neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev deyib.

Ekspertin fikrincə, son bir həftə ərzində neftin qiymətində gedən ucuzlaşma tendensiyası ümumiyyətlə fundamental faktorlardan qaynaqlanır:
“Son bir həftəyə nəzər saldıqda, qlobal neft bazarlarında “qara qızıl”ın qiymətində 9 faizlə ölçülən ucuzlaşma birbaşa fundamental faktorlarla bağlıdır. Liviyada hasilatın bərpa edilməsi və gündəlik hasilatın artıq 900 min barelə çatması, Venesuelada hasilatın azalması, ABŞ-ın İranın neft tədarükünə tətbiq edəcəyi sanksiyaların yenilənməsi fonunda aparıcı neft ölkələrinin hasilat həcmlərini artırması burada öz sözünü deyib. Bazar iştirakçıları düşünür ki, İran və Venesuela neftinin bazarda iştirak payının aşağı düşməsi fonunda aparıcı neft ölkələrinin hasilatı artırması ilə iyulun sonu avqustun əvvəlində tələbatdan artıq gündəlik 300-500 min barel neft müşahidə olunacaq. Bu isə bazarda profisitin yaranması deməkdir”.

Ekspert hesab edir ki, neftin qiymətinin qısa zamanda bu qədər enməsində ABŞ-ın da rolu olub:
“Neftin qiymətini təhdid altına alan digər amil ABŞ-da strateji neft ehtiyatlarının bir hissəsinin satışa çıxarılması prosesidir. Bu ölkədə həm də neft hasilatı artıb. Avqustda ABŞ-da şift neftinin sutkalıq hasilatı 7,47 milyon barelə çatacaq. Bu isə o deməkdir ki, ABŞ-da hasilatın artması ilə bu ölkənin neft idxalı azalacaq. Digər tərəfdən, iyunun sonlarından etibarən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İraq və bir sıra digər ölkələrdə də neft hasilatında artımlar baş verməkdədir. Ər-Riyad bu müddətdə sutkalıq hasilatı 10,400 milyon bareldən yuxarı qaldırıb”.

Z.Vəliyevə görə, bütün bu ucuzlaşmaya rəğmən, bazarlarda tarazlıq bərqərar olmayacaq. Belə ki, İran nefti olmadan bu tarazlığı bərpa etmək qeyri-mümkündür:
“Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin hasilatı artırmaq cəhdləri OPEK-in digər üzvləri, əsasən də İran tərəfindən neqativ qarşılanır. Tehran Ər-Riyadın bu istəyinə aqressiv münasibət bildirib. Onlar Səudiyyə Ərəbistanının həmin hərəkətilə OPEK-in təməl prinsiplərinin təhdid altına düşdüyünü bildirirlər. Belə olan halda OPEK daxilində fikir ayrılığı yaranarsa, bu son anda OPEK-in parçalanmasına gətirib çıxara bilər. Çünki OPEK daxilində yaranan fikir ayrılığı bazarlarda tarazlığın bərqərar olmasına neqativ təsir göstərəcək. Bazar bu hərəkətə adekvat reaksiya verəcək. Ona görə hesab edirəm ki, neftin indiki qiyməti də müvəqqətidir. İran və Venesuela neftinin bazardan yığışdırılması ilə onun kompensasiya edilməsi bir qədər absurddur. Çünki neft bazarındakı qaydalara görə burada əsas faktor yüngül və ağır neftin tarazlığının bərqərar olmasıdır. Bu tarazlıq olmasa, bazarda böhranlı vəziyyət bundan onra da davam edəcək. Azərbaycan neftinin qiymətinin aşağı düşməsi də məhz dünya bazarında tələbatdan artıq yüngül neftin olması ilə bağlıdır. Deməli bazarda tarazlıq pozulub və yüngül neftə olan tələbat aşağı düşüb. Səudiyyə Ərəbistanı, Nigeriya, Liviyada hasilatın artımı da məhz tələbatdan artıq yüngül neftin çıxarılmasının nəticəsidir. Bunun qarşısında Azərbaycan neftinin qiymətinin artacağını gözləmək sadəlövhlük olardı. Vyana sazişi ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın diqtəsilə fəaliyyət göstərməməlidir. Bunun olması prosesdə əvvəl-axır bir pat vəziyyəti yaradacaq. İran nefti olmadan isə bazarda tarazlığı bərqərar etmək mümkün olmayacaq. Çünki digər dövlətlər onu kompensasiya edə bilməyəcək. Belə bir şəraitdə İran neftinin bazardan yığışdırılması fikrimcə, çox səhv addımdır. İndiki vəziyyətin davam edəcəyi təqdirdə, qlobal neft bazarında hətta 2019-cu ildə belə tarazlıq bərqərar olmayacaq”.

Qeyd edə ki, son bir gündə Brent markalı neftin qiymətində növbəti enmə baş verib. Qiymət 72,20 dollara düşüb. Anoloji olaraq AzərLite markalı neftin qiyməti də 73,79 dollara qədər azalıb.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2121
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."