“Operativ Qərargah özəl kursların, təhsil müəssisələrinin müəyyən şərtlər daxilində fəaliyyətə başlamasına razılıq verməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında özəl kurslar və repetitor müəllimlərin şagirdlərin imtahanlarda yüksək bal toplamasına mümkün təsirlərini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert hesab edir ki, abituriyentlərin 90%-dən çoxu məhz özəl kurslar, təhsil mərkəzləri, eləcə də repetitor müəllimlərin yetirmələridir:
“Son 10-15 il ərzində istər ali təhsil müəssisələrinə, istərsə də orta ixtisas təshil müəssisələrinə (9 və 11 illik bazadan hər ikisi üzrə) qəbul olan şagirdlərin-abituriyentlərin nəticələri birbaşa özəl kursların, təhsil, tədris mərkəzlərinin və repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərin payına düşür. Bu, danılmaz faktdır. Lakin istisna etmirəm ki, bir neçə litsey, məktəb yüksək təhsil verir. Bakı, Sumqayıt, Gəncə, Şəki və s. kimi şəhər və rayonlarda belə litseylər, məktəblər var.
Heç təsadüfi deyil ki, ölkədə hər il 600+ bal toplayan, ümumilikdə isə 2005-2020 aralığında 600+ nəticə göstərən abituriyentlərin 90%-dən çoxu məhz özəl kursların, təhsil mərkəzlərinin, eləcə də repetitor müəllimlərin yetirmələridir”.
Elçin Əfəndi qeyd edib ki, hazırkı şəraitdə istər ali, istər orta ixtisas, istərsə də orta ümumtəhsil müəssisələrində dərslərin ənənəvi yoxsa, ndistant formada başlanacağı ilə bağlı yekun qərar yoxdur. Bu isə birmənalı olaraq narahatlıq, psixoloji gərginliklə müşahidə olunur:
“Əgər qeyd olunan təhsil müəssisələrində dərslər ənənəvi qaydada olmayacaqsa, o zaman Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah özəl kursların, təhsil müəssisələrinin müəyyən şərtlər daxilində fəaliyyətə başlamasına razılıq verməlidir. Əgər dərslərin özəl kurslar və özəl təhsil müəssisələrində qrup şəklində olmasına razılıq verilmirsə, ən azından fərdi qaydada “tək müəllim-tək şagird” prinsipi ilə fəaliyyətinə icazə verməlidir. Bu, həm şagirdlərin təhsil göstəricilərinə təkan verə bilər, həm orada çalışan vətəndaşların işsizliyinin aradan qalxmasına, həm də sahibkarlığa dəstək xarakteri daşıya bilər.
Ölkə başçısı da hər dəfə öz fikirlərində prioritet məsələ kimi birmənalı olaraq təhsilin əlçatanlığını, sahibkarlara dəstəyi və eyni zamanda vətəndaşların işlə təmin olunmasını vurğulayır. Ona görə də Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah üzvlərinin də əsas müzakirə mövzularından biri məhz bu məsələ olmalıdır”.
Gülşən Şərif