“Sabahdan etibarən metroda sərnişinlərdən COVID-19 pasportunun tələb olunub-olunmayacağı ilə bağlı məlumat yoxdur”.
Bunu sentyabrın 1-dən COVID-19 pasportu olmadan ictimai nəqliyyatdan istifadə ilə bağlı məhdudiyyətin olub-olmamasına münasibət bildirən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, bu məsələ ilə bağlı hansısa məlumat yoxdur:
“Bu barədə düzgün cavabı Operativ Qərargah və ya Daxili İşlər Nazirliyi verə bilər. Çünki qərar bu qurumlar tərəfindən verilir. “Bakı Metropoliteni” sadəcə icraçıdır və bu məsələnin sərnişindaşıma fəaliyyətinə hər hansısa aidiyyatı yoxdur. Bizim vəzifəmiz sərnişini A nöqtəsindən B nöqtəsinə daşımaqdır. Sözügedən aidiyyatı qurumlarla müzakirə və mübadiləmiz ancaq sərnişindaşıma prosesinin təşkili çərçivəsində olur. Sərnişinlərin COVID-19 pasportunun yoxlanılıb-yoxlanmayacağı ilə bağlı məsələyə Operativ Qərargahın münasibət bildirməsi daha doğrudur”.
Qeyd edək ki, sosial şəbəkələrdə COVID-19 pasportu olmayan sərnişinlərin metrodan istifadə etdiyi təqdirdə cərimələnəcəyi ilə bağlı müzakirələr də aparılır. Metropolitenin qapalı məkan olmasına baxmayaraq, hələ də bu məsələ ilə bağlı aiddiyyatı qurumlar rəsmi açıqlama verməyiblər.
Biz suallara cavab tapmaq üçün Operativ Qərargahla əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz alınmadı.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə 1 sentyabr tarixindən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Gülşən Şərif