Oqtay Gülalıyev palataya köçürüldü

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə onun oğlu Əli Gülaliyev məlumat yayıb.

“Atam Oqtay Gülalıyev bu gün Amerikan Xəstəxanasında palataya köçürülüb. Təəssüf ki, onun vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər”, – deyə oğlu qeyd edib.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

Bir neçə güün əvvəl Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.

 

COP29