“Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb” – Heydər Əliyev Fondu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Heydər Əliyev Fondundan Yenicag.az-a verilən məlumata görə, bununla əlaqədar Fondun nümayəndələri Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva ilə ötən gün telefonla danışaraq, eyni zamanda bu gün xəstəxanada görüşərək ailə üzvlərinin istəyi və Fond tərəfindən göstərilə biləcək dəstəklə maraqlanıblar. Ailəsinin müraciəti nəzərə alınaraq, hazırda koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. Bu gün İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən hazırda Heydər Əliyev Fondu bununla bağlı məsələlərin həllini həyata keçirir.

Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb və onun qısa müddətdə həkimlərin nəzarəti altında İstanbula aparılması nəzərdə tutulur. Eyni zamanda Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Bildirmək istəyirik ki, Heydər Əliyev Fondu öz fəaliyyət istiqamətlərindən çıxış edərək hər bir şəxsə daim zəruri köməyi göstərmişdir və bu humanitar missiyanı bir təşkilat olaraq hər bir zaman həyata keçirməkdən qürur duyur.