“Orada aparıcı soyundu, hələ elə oyunlardan çıxacaqlar ki…” – Məşhurlar aparıcıları yıxıb-sürüdü

Son vaxtlar şou göstərməkdə müğənniləri kölgədə qoyan aparıcılar sosial şəbəkələrdə zaman-zaman müzakirələrə səbəb olurlar.  Onların qeyri-etik davranışları, dəvət etdikləri qonağın şəxsiyyətini alçaltmaları, insanları aşağılamaları üzərindən özlərini qəhrəman kimi göstərmələri birmənalı qarşılanmır.

Yenicag.az məsələnin aktullağını nəzərə alaraq, probemlə bağlı peşəkarların mövqeyni öyrənib.

Saytımıza açıqlama verən xalq artisti, tanınmış diktor Ofeliya Sənani aparıcıların qeyri-etik davranışlarının qanun çərçivəsində tənzimlənməsini tələb edir:

“Özəl televiziyalarda hərc-mərclik baş alıb gedir. Aparıcılar qeyri-etik davranışları ilə tamaşaçını boğaza yığıb. Reytinq, şou naminə dəvət etdikləri qonağı aşağılayır, onları təhqir edir, hətta verilişdən belə uzaqlaşdırırlar. Buna görə də çoxdandır ki, telekanallardan aldığım dəvətlərdən imtina edirəm. Çox nadir hallarda hansısa telekanala gedirəm, o da sevdiyim, hörmət etdiyim verilişə. Aparıcı dəvət etdiyi qonağın nazını çəkməli, ona əziz adamı kimi diqqət göstərməlidir. Aparıcının ixtiyarı yoxdur ki, qonağı təhqir etsin, onu aşağılasın. Kimliyindən asılı olmayaraq, qonaqla şəxsiyyət kimi davranmaq lazımdır”.

O.Sənani belə aparıcıların cəzalandırılmasını məqsədəuyğun sayıb:

“Bizim dövrümüzdə nəinki qonaq pis qarşılandığına görə, hətta adi vurğunun belə düzgün tələffüz edilməməsinə görə, diktor cəzalandırılırdı. Ona töhmət verilib işdən qovurdular. Bu gün də həmin vasitədən istifadə olunmalıdır. Başqasını aşağılayan tərbiyəsizdir. Telekanal rəhbəri aparıcını tərbiyələndirməlidir. Belə olarsa, o ikinci dəfə bu səhvi təkrarlamaz. Təhqir olunan, aşağılanan qonağın da ixtiyarı var ki, həmin aparıcını məhkəməyə verib, cəzalandırılmasına nail olsun”.

“Teleməkanda özbaşınalıq hökm sürür, bunun qarşısı alınmalıdır” – xalq artisti, məşhur diktor Sabir Ələsgərli saytımıza açıqlamasında həyəcan təbili çalıb:

“MTRŞ-nın rəhbəri Nuşirəvan müəllim də dəfələrlə bizə deyib ki, gənc aparıcıları başa salaq, onlara öz təcrübəmizi öyrədək. Şounun da bir həddi-hüdudu var. Aparıcı dəvət etdiyi qonağa sual verir, adamın sözünü ağzında qoyub, özü danışır. Yaxud da müğənini dəvət edir, əvəzinə özü oxuyur, ortalığa düşüb rəqs edir. Həddi o qədər aşıblar ki, qonağı təhqir etməkdən belə çəkinmirlər. Bunlara sual vermək lazımdır ki, sən kimsən insanları alçaldırsan? Telekanal rəhbəri xəbərdarlıq etməlidir. Bəsdirin beynimizi xarab etdiniz. Demokratiya özbaşınalıq deyil axı. Belə aparıcılar cəzalandırılmalıdır, efirdən uzaqlaşdırılmalıdır, ən azı onlara töhmət verilib, xəbərdarlıq olunmalıdır. Elə olanda, ağılları başlarına gələr”.

Tanınmış televiziya mütəxəssisi Z.Məmmədli teleməkanda vəziyyətin getdikcə acınacaqlı olacağını proqnozlaşdırıb:

“Almaniyada xəbər aparıcısı soyundu. Bizdə bundan da betər olacaq. Hələ elə oyunlardan çıxacaqlar ki… Dəfələrlə demişəm, yenə də təkrar edirəm. Hər bir verilişin formatına uyğun qırmızı xətt olmalıdır. O xətt keçilməməlidir. Aparıcının ixtiyarı yoxdur ki, dəvət etdiyi qonağı təhqir etsin, şou naminə onun ləyaqətini alçaltsın. Hətta o qonaq qatil olsa da belə. Bunun çox pis nəticələri ola bilər. Həmin qonağın aparıcıya qarşı reaksiyası qətllə də nəticələnə bilər”.

Tanınmış televiziya mütəxəssisi Zeynal Məmmədli bu cür halların qarşısını almaq üçün ictimai qınağın gücləndirilməsini məqsədəuyğun sayır:

“İctimai qınaq mexanizmi olmalıdır. MTRŞ ictimai qınaq mexanizmini formalaşdırmalıdır. Eyni zamanda, o verilişlərə reklam verən şirkətləri biabır etmək lazımdır. Buna əl atmaq üçün də MTRŞ-nın nə cəsarəti çatır, nə də müstəqilliyi. Məsələ burasındadır ki, efirdə bu tip qeyri-etik hərəkətlər nəticə etibarı ilə telekanalın nüfuzuna xələl gətirir, tamaşaçı itirir. Onsuz da 9 milyonluq əhalinin on beş faizi yerli telekanallara baxır. Qalanları Rusiya və digər telekanalları izləyir”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun saytımıza açıqlamasında məsələyə münasibəti belə olub:

“Bütün bunlar rəqabət mühitinin fəsadlarıdır. Qaynar xəttimizə də bununla bağlı müraciətlər olunur. Əgər belə vəziyyət kütləvi hal alarsa və qanun çərçivəsindən kənara çıxarsa, MTRŞ reaksiya verəcək. Yayımçıların borcudur ki, ictiami rəyi nəzərə alsın, həddi gözləsin. Həddi aşanlar qanun çərçivəsində cəzalandırılacaq”.

Cəvahir Səlimqızı

COP29