“ABŞ-ın Ukraynaya hərbi yardım paketi, əslində, Amerika sənaye müəssisələri üçün böyük müqaviləyə çevriləcək”.
Yenicag.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresinin (Prezident Co Bayden tərəfindən dəstəklənir) Ukraynaya 60 milyard dollar yardım ayırması ilə bağlı bu yaxınlarda qəbul etdiyi qərar “Amerika sənayesi üçün, əslində, nəhəng hərbi sifarişdir”.
“ABŞ prezidenti açıq şəkildə bəyan edib ki, ölkə iqtisadiyyatı Ukraynaya silah subsidiyalarının verilməsindən faydalanacaq”, – Orban əlavə edib.
Baş nazirin fikrincə, həmişə müharibələr nəticəsində qalib gələn qüvvələr olur. Macarıstan liderinin sözlərinə görə, onların arasına daim bundan hansısa gəlir əldə etməyə çalışan maliyyə möhtəkirləri, eləcə də bulanıq sularda balıq tutmağa çalışan qeyri-hökumət təşkilatları, fondlar və müxtəlif adamlar daxildir.
“Onlar azdır, amma var və güclüdürlər”, – deyə baş nazir bildirib.
“Mərkəzi Avropa həmişə müharibələrdə uduzub, lakin Qərbi Avropa həmişə qalib gəlib, yəni əziyyətlər bahasına olsa belə, münaqişədən qalib çıxıb”, – deyə Orban əlavə edib.
“Brüsselin müharibəni niyə bu qədər sevdiyi barədə düşünmək üçün çoxlu səbəblər var. Bizim tarixi təcrübəmiz göstərir ki, belə müharibədə ancaq uduzmaq olar. Döyüş zonasına nə qədər yaxın olsanız, ödədiyiniz qiymət bir o qədər yüksək olacaq”, – Macarıstan hökumətinin başçısı bildirib.
Rafi Müslümov