“Uzun müddətdir eyni vəzifədə oturan generallar var, onların da yerlərinin dəyişdirilmə ehtimalı yüksəkdir”.
Bu fikirləri Azərbaycan ordusunda yaxın zamanda ehtimal edilən kadr islahatları haqqında danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.Rövşən Məhərrəmov bildirib ki, orduda dəyişiklik gözlənilir və bu, zəruridir:
“Orduda islahatlar, sözsüz ki, getməlidir. Azərbaycan ordusu Türkiyə modelinə keçib. Müdafiə naziri də açıq-aydın elan etdi ki, artıq Türkiyə modelinə keçid baş verib.
Hesab edirəm ki, qısa müddətdə Türkiyə modelinə keçid mümkünsüzdür. Türkiyə modelinin öz ştat strukturu var. Türkiyə modeli dedikdə təkcə ştat strukturuna uyğun zabitlərin, yüksək rütbəlilərin yerinin dəyişdirilməsindən söhbət getmir. Burada silahlandırma və digər məsələlər də var.
Azərbaycan ordusunda oxşar vəzifələr var. Misal üçün, Maddi-Texniki Təminat Baş İdarəsi ilə yeni təyin edilmiş nazir müavininin vəzifələri oxşardır. Ola bilsin, hansısa struktur dəyişiklikləri də olacaq. Türkiyə modelində rotasiya sistemi var. Rotasiya sisteminə ciddi əməl etmək lazımdır. Bir insan bir yerdə 4-5 ildən artıq xidmət etməməlidir. Hesab edirəm ki, rotasiya həyata keçirilməlidir. Bundan əlavə, kadr islahatı da baş tutmalıdır.
Məsələ təkcə rəhbər şəxslərin dəyişdirilməsindən getmir, tağım komandirindən tutmuş, general vəzifəsində olana qədər kadr islahatları həyata keçirilməli, rotasiyaya əməl edilməlidir. Elə zabit var ki, 10-15 ildir xidmət edir, ancaq yeri dəyişdirilməyib. Dəyişiklik yalnız Naxçıvan qarnizonu daxilində aparılıb. NATO sistemində, Türkiyə modelində ildə bir dəfə rütbələr verilir, bizdə isə ilin bütün zamanında rütbələr verilir. Bu sistem Səfər Əbiyevin nazir olduğu müddətin sonlarında nizama salınmışdı. Sonradan, nədənsə, ləğv olundu. Bu məsələ də öz həllini tapmalıdır.
Yüksək rütbəli zabitlər var ki, uzun müddətdir eyni vəzifədə oturublar. Onların da yerlərinin dəyişmə ehtimalı yüksəkdir”.
Səxavət Məmməd