Orduda nizam-intizam əskikliyi: Hərbçilər, yoxsa Müdafiə Nazirliyi cəzalandırılmalı idi? – Səxavət Məmməd yazır

Bir neçə gün öncə Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdən sonra bəzi hərbçilər cəzalandırılıb. Cəzalandırmaya səbəb intizamsızlıqdır.

Təbii ki, Müdafiə Nazirliyinin bu addımı birmənalı qarşılanmayıb. Bir çoxları nazirliyi bu addım atdığına görə qınayır. Bəziləri isə haqlı hesab edir. Hərənin öz düzü var. Hisslər və nizamnamə.

Məsələyə bir qədər geniş baxmaq lazımdır. Sosial şəbəkələrdə yayılmış videolara baxanda, əslində, xaotik bir vəziyyətlə qarşılaşırıq. Erməni tərəfinin yaydığı videolara baxanda açıq şəkildə görünür ki, Azərbaycan Ordusunun bölmələri cəm halda, sanki mitinqə gedirmiş kimi erməni mövqelərinə doğru gedirlər. Nə ara məsafəsi var, nə komandirin yeri bəllidir, nə əsgərin. Silah çiyində, telefon əldə. Qarşı tərəfi mövqelərindən çıxarmağa cəhd edirlər. Yenə hərənin əlində bir telefon, ağız deyəni qulaq eşitmir. Rus dilini bilən biri ermənilərə başa salamağa çalışır ki, onlara heç nə edilməyəcək, ancaq kənarda biri qışqırır, biri söyür. Bir anlıq mitinqlər yadıma düşür. Sanki jurnalistlər kadr tutmaq yarışına giriblər. Heç bir hərbçi təhlükəsizliyi təmin etmək üçün yox, məhz kadr tutmaq üçün mövqe seçir. Əsir düşəcək biri o an nələr düşünə bilər. Bəlkə, psixoloji problemi var, dolu silahdı, çevirdi, əlini tətiyə atdı, nə olacaqdı? Cəmiyyət 7 şəhidi həzm edə bilmir, daha artıq olsa idi, nə olacqdı?

Bəli, polisin, DTX-nin əməliyyat çəkilişləri olduğu kimi, ordunun da əməliyyat çəkilişləri var. Ordu sıralarında xidmət edən biri hər bölüyün silah anbarında fotoaparatın, kameranın olmasını bilməlidir. Müharibədən bir qədər əvvəl bir neçə zabit zəng edib, bölükdəki kameranın keyfiyyətsiz, həm də böyük olduğu üçün döyüşlərdə istifadəsi çətin olacaq deyə, kiçik həcmli, bir cibə sığan kameralar istəmişdilər. Əlimdən gəldiyi qədər bunu etmişdim. Şəxsən özümə məxsus 3 cibə sığışına kameranı zabitlərə vermişdim. Bu nəyə lazım idi? Misal üçün qarşı tərəfin əsgəri ölüb, onun hansı vəziyyətdə olması çəkilir, sabah qarşı tərəf deyəndə ki, ölümün qulağı, burnu yoxdur, foto ilə sübut olunur. Bu ən primitiv misaldır.

Ümumiyyətlə, orduda smartfon telefonların qadağan olunduğu heç kimə sirr deyil. Ancaq açıq görünür ki, bu qadağa sözdədir. Erməni mövqelərinə girilmə, əsir götürülmə anları çəkilməlidir, ancaq bu hamılıqla yox, məhz bir nəfərin işi olmalıdır.

Gələk başqa bir məsələyə. Videolarda bölmələrin mitinqə gedərmiş kimi hərəkət etdiyini, ara məsafəsi saxlanılmadığını gördük, ancaq biz onu da bilirik ki, erməni tərəfi minaatanı snayper əvəzi istifadə edir. O topanın içərisinə bir ədəd 120 mm minatan mərmisi düşsə, nə olardı? Adam təsəvvür belə etmək istəmir. Bunlar hamısı orduda nizam-intizamın aşağı düşdüyünü göstərir. Yəni Zakir Həsənov və nazirlikdə yüksək post tutan hərbi məmurlar nəticəni yox, bu nəticəyə görə səbəbi aradan qaldırmalıdır. Düşmən mövqeyinə girən bölmə niyə görə mitinqə, toya gedərmiş kimi gedir? Əslində, buna səbəb həm də arxayınlıqıdır. Silah işlədilmir, sillə-təpik işləyəcəyinə o qədər arxayındırlar ki, düşünmürlər, nəticəsi belə olacaq. Ordunu ordu edən onun nizam-intizamıdır. Buna cavabdeh də məhz nazirlikdir.

Bu hadisələr baş verməzdən bir neçə gün əvvəl belə bir məlumat əldə etdim ki, rabitədə qarşı tərəfin danışığı tutulub. Danışığın məğzi bu olub ki, Azərbaycan tərəfinin mövqeyə gəldiyini görəndə qumbaralar hazır vəziyyətə gətirilsin və istifadə edilsin. Yəni atəş açmadan irəli buraxılır, yaxınlaşdıqda qumbaralar atılır. Əgər bu, rabitədə tutulubsa, niyə görə təlimatlanma olmayıb? Təlimatlanma olubsa, davranış nədir?

Bəli, insanlarımız nazirliyi qınayır. Bunu həm də ona görə edirlər ki, nazirlik məlumat yaymır, kadrları məhz o “həvəskar jurnalistlər”in çəkdiklərindən görürlər, öyrənirlər.

Nazirlik indi ədalət, nizam-intizam qılıncını çəkib, hərbçiləri cəzalandıracaq. Ancaq nazirliyin özünü də cəzalandırmaq lazımdır ki, niyə bu qədər nizam-intizam aşağıdır. Erməni əsgərinə niyə silah yox, telefon tuşlanıb? Bunlar hamısı son dərəcə ciddi məsələdir.

Əsir götürmüsən? Əcəb etmisən. Nəinki Bərdəyə, Gəncəyə salam yollat, ürəyin istəyir, lap qonşun İsfəndiyara da salam dedirt, ancaq bu yayılanda axı cəzası da olacaq. Bir salama, başa vurulan qapaza görə heç dövlətin hansı zərbə altında qalmağını da boş ver, verdiyin bir neçə min manat da batır. Lap deyək, rüşvətsiz ordu sıralarına qəbul olmusan, adam çəkdiyi əziyyəti heçmi düşünməz?

COP29