Orduda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirildi – VİDEO

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsindən danışıblar. Qeyd olunub ki, erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Keçirilən mərasimlərdə Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən qazanılan qələbədən və Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından bəhs edilib.

Silsilə tədbirlərdə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətlər xüsusi qeyd olunub.

Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar nümayiş etdirilib, Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli və digər filmlər izlənilib.

Həmçinin hərbi qulluqçular Xocalı soyqırımı abidələrini ziyarət edib, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub və faciənin şahidləri ilə görüşlər keçirilib.

COP29