“Ordumuz müqavimət gücü tükənən düşmənə sarsıdıcı zərbələr endirir” – Səxavət Məmməd cəbhədən xəbər verir – FOTO

“Dünən gecədən etibarən, Ermənistanın artilleriya bölmələri Tərtər, Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərindəki yaşayış məntəqələrini atəşə tutub”.

Bunu döyüş bölgəsində oktyabrın 20-i saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, cəbhəboyu ərazilərdə döyüşlər davam etməkdədir:

“Cəbhənin Tərtər, Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində döyüşlər davam edir. Ordumuz müqavimət gücü tükənən düşmənə sarsıdıcı zərbələr endirərək, irəliləyir.

Bundan əlavə, dünən axşam saatlarında erməni artilleriyası Ağdamın Baharlı qəsəbəsindəki məktəb və bağçanı hədəfə alıb. Nəticədə hər iki bina tamamilə yararsız vəziyyətə düşüb.

Mülki vətəndaşlardan yaralanan olmayıb. Çünki həmin ərazilər ermənilər tərəfindən tez-tez atəşə tutulur və buna görə mülki vətəndaşlar təhlükəsizlik üçün öncədən ərazidən uzaqlaşıblar”.

Gülşən Şərif