Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Tədbirlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.