Ordunu aşındıran GÜC SAVAŞI: “Azərbaycanın dövlətçiliyinə zərbə vurmaq üçün…” – Hərbi ekspert

“Artıq generalların açıq kompromat savaşı gedir. Onların özlərinə elə gəlir ki, heç kim bunun arxasında dayananları bilmir, həqiqətdə isə kənardan müşahidəçi olanlar işin arxasında hansı generalların olduğunu çözə bilir”.

Bu sözləri generalların kompromat savaşına və bunun arxasında dayanan güclərin məqsədlərinə toxunan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, dövlət qurumlarında bir-birilərinə qarşı kompromatdan istifadə etmələri yenilik deyil:

“Bu, təkcə dövlət qurumlarına aid deyil. Müxalifətin öz içərisində də bir-birilərinə qarşı, iqtidarın müxalifətdən istifadə edərək daxildəki qüvvələrə qarşı kompromat savaşı apardığını görmüşük. Ancaq Müdafiə Nazirliyində yüksək post tutmuş generalların bir-birilərinə qarşı kompromat savaşı Səfər Əbiyevin dövründə bu qədər vüsət almamışdı. Ona görə ki, ordunun üzərində möhkəm bir əl var idi. Hazırda generalların bir-birilərinə qarşı etdiklərinin vaxtında qarşısı alınırdı, qaynaq tapılırdı və cəzalandırılırdı. Əfsuslar olsun ki, son dövrdə bu tip halların qarşısı alınmır.

Bunun hamısının səbəbi rüşvətxorluğun həddindən ziyadə artması, kimlərinsə vəzifə hərisi və ən əsası, xarici kəşfiyyat xidmətlərinin qızışdırıcı roludur.

Ali Baş Komandanın olduqca böyük dərrakə, səyi, bacarığı sayəsində istər hərb, istər informasiya, istərsə də xarici siyasəti sayəsində bütün bunlara rəhbərlik edərək mühüm olan bir qələbə qazanılıb. Hamının paxıllıq, qibtə edə biləcəyi bir qələbə əldə olunub. Azərbaycan dövlətinin bundan sonra ayaq tutub yaşamasında bu qələbinin olduqca böyük rolu olacaq. Həmçinin bizim qələbənin türk qurşağının, müsəlman dünyasının möhkəmlənməsində çox böyük rolu var. Burada tək Rusiya deyil, bir çox beynəlxalq güclər Azərbaycanı vurmağa çalışırlar. Əsas vurulacaq yer, güvənc yerimiz olan ordumuzdur. Həmin güclər bu prosesin daha da alovlanması üçün qızışdırıcı rol oynayırlar. Bu proses xaricdən idarə olunan internet kanalları vasitəsi ilə aparılır. Biz o internet kanallarının sahiblərinin səviyyəsini bilirik. Bütün mitinqlərdə iştirak etmişəm, onların heç birini orada görməmişəm. Xalq hərəkatı zamanı onların heç birini görməmişəm, ancaq bu gün məlum olur ki, sən demə, müxalifətçi imişlər, hüquqları pozulubmuş. Bunların hamısının arxasında dayanan əl var. O əl də, Azərbaycanın dövlətçiliyinə zərbə vurmaq üçün ordu daxilində gedən qalmaqallardan istifadə etməkdə israrlıdırlar. Bu da davam edir. Mənə belə gəlir ki, yenə gözlər Ali Baş Komandandadır. Ümid onadır. Bu məsələlərə əncam çəkə biləcək şəxs odur. Prosesin bu şəkildə davam etməsi ordunun deqradasiyasına, kadrların həvəsdən düşməsinə gətirib çıxarır.

Sanki həm dövlət qurumları, həm də bəzi şəxslər pusquda durmuşdu ki, qalib ordunu gözdən salsın. Veteran məsələsində də prezident öz iradəsini qoydu. Düşünürəm ki, bu prosesin də dayandırılmasına, bunun arxasında duran şəxslərin cəzalandırılmasına prezident qarışmalıdır. Çünki bu, olduqca təhlükəli oyundur”.

Səxavət Məmməd