Ordunu qaralama kampaniyasının BAİSKARLARI: “Hüquq mühafizə orqanları bunu aşkarlamalıdır” – HƏRBİ EKSPERT

“Ordunu ləkələmə kampaniyasının arxasında həm xarici qüvvələr, həm də onların daxildə işləyən qüvvələr bu işi həyata keçirir”.

Bu sözləri ordu ətrafında gedən proseslərə və Kərim Vəliyev haqqında səsləndirilmiş fikirlərə münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, ordunu hədəf alanlar həm xarici qüvvələr, həm də onların xidmətdə olan əlaltılarıdır:

“İlk növbədə Polad Həşimov başda olmaqla şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Polad Həşimovun anası Səmayə xanımın məlum çıxışı ölkədə rezonansa səbəb oldu. Səmayə xanım iddia etdi ki, oğlu Baş Qərargah Rəisi təyin ediləcəkdi, onun yerinə Kərim Vəliyev gətirildi. Oğlunun şəhid olmasında Kərim Vəliyevi günahkar bilir. Kim Səmayə xanıma məlumat veribsə, həmin məlumat yalnış və əsassızdır. Həmin vaxt Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Həmçinin Kərim Vəliyevin özü də müdafiə nazirninin müavini idi. Şəhid anaları həssas olur. Hüquq mühafizə orqanları bunu aşkarlamalıdır ki, kim şəhid anasını aldadır. Kərim Vəliyevlə bağlı isə onu deyə bilərəm ki, o, rüşvətə bulaşmamış, heç bir qruplaşmaya qoşulmamış bir zabitdir.

Polad Həşimova dövlət başçısı ən ali rütbəni verdi. Polad Həşimovun ailəsinə diqqətlə bağlı bütün aidiyyatı qurumlara göstərişlər verilmişdi. Zakir Həsənovun şəhid anasının yanına getməməsinə gəldikdə isə, onu deyə bilərəm ki, müdafiə nazirinin müavinləri bir neçə dəfə şəhid ailəsində olub. İki dəfə də Kərim Vəliyev Səmayə xanımla görüşüb. Müdafiə Nazirliyindən digər vəzifəli şəxslər də gedib. Əlbəttə ki, onlar özbaşına ora gedə bilməzdilər. Təbii ki, bunlar hamısı Zakir Həsənovun göstərişi ilə həyata keçirilib. Şəhid anası diqqətdən yayınmayıb.

Orduya qarşı qarayaxma kampaniyası aparanların hamısı aşkarlanmalıdır. Səmayə xanıma yalnış məlumatlar veriblər. Hansıki bu məlumatlar çaxnaşma saldı”.

Səxavət Məmməd