Orduya çağırılan vətəndaşlarla bağlı TƏKLİF: “Onlara minimum əmək haqqının ən azı iki misli qədər…”

“Vətən Müharibəsinə cəlb olunması səbəbindən rəsmi iş yerini və gəlirini itirmiş şəxslərlə əmək müqaviləsi bağlanılmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Vətən Müharibəsi ilə əlaqədar Orduya çağırılan vətəndaşların maddi təminatı ilə bağlı vəziyyəti dəyərləndirən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçının fikrincə, yeni yaradılan “Yaşat” Fondunun Nizamnaməsinə dəyişiklik edilməli və hazırda ordu sıralarında iştirakı səbəbindən ailəsi sabit gəlirdən məhrum olmuş şəxslərin Fonda müraciət hüququ təmin edilməlidir:

“Bu hüququn həmin şəxsin xidmət göstərdiyi müddətdə qüvvədə olması məqsədəuyğundur. Bununla yanaşı, Nazirlər Kabinetinin 7 aprel tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Sərəncamına da dəyişiklik edilməlidir.

Vətən Müharibəsi ilə əlaqədar ordu sıralarına cəlb edilmiş və ödənişsiz şərtlərlə xidmətini davam etdirən (müharibə bitdikdən sonra təxris edilməmiş), cəlbetmədən əvvəl rəsmi iş yeri olmayan, gəlirlərinin davamlılığı qorunmayan şəxslər qeyd-şərtsiz “işsiz” hesab edilməli və cari sərt karantin rejimi müddətində icra edilən 190 manatlıq birdəfəlik maliyyə yardımı ödənilməlidir.

Həmçinin Vətən Müharibəsinə cəlb olunması səbəbindən rəsmi iş yerini və gəlirini itirmiş şəxslərə minimum əmək haqqının ən az 2 misli (aylıq 500 manat) məbləğində maaş ödənilməlidir”.

Gülşən Şərif