“Ukraynanın öz imkanları ilə bu sistemləri inkişaf etdirə biləcəyinə inanılır”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda “Oreşnik” raketlərinin necə istifadə olunduğu və bundan necə qorunmalı olduğu barədə fikirlərini səsləndirən hərbi ekspert Petro Çernik deyib.
Onun sözlərinə görə, Rusiya tərəfindən hazırlanan “Oreşnik” raketi yeni texnologiya kimi təqdim edilir, lakin belə deyil:
“Əslində isə bu raket 1976-cı ildə hazırlanmış RSD-10 “Pioner”ə əsaslanır. Bu raket yüksək sürətə malikdir və 5000 km-dən uzaq məsafələrə zərbə endirə bilir. Rusların iddia etdiyi döyüş başlıqları şübhəlidir. “Oreşnik”dəki başlıqlar partlayıcı maddələrdən deyil, kinetik enerjidən istifadə edir. Xüsusilə Dneprə edilən hücumlarda raketlərin effektivliyi şübhəli olaraq qalır”.
“Oreşnik”ə qarşı mübarizə aparan sistemlərdən heç biri – “MIM-104 Patriot” və SAMP/T sistemləri bu raketə qarşı tam müdafiə təmin edə bilmir. ABŞ-nin THAAD sistemi isə ballistik təhdidlərə qarşı effektivdir. Lakin bu cür sistemlər son dərəcə bahalıdır və yalnız ABŞ, Səudiyyə Ərəbistanı kimi ölkələr tərəfindən əldə edilə bilər. Ukraynanın öz imkanları ilə bu sistemləri inkişaf etdirə biləcəyinə inanılır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli