Orta ixtisas təhsil müəssisələrinin sual doğuran FAYDALILIĞI: “Kollecdə təhsil alanlara ürəyim ağrıyır”

“Üç aylıq bir peşəni hər hansı bir peşə təhsili mərkəzində mənimsəmək, yaxud altı aylıq bir kurs keçmək, əmək bazarı üçün üç-dörd il kollec oxumaqdan daha faydalıdır”.

Bu fikirləri son dövrlər kollec təhsilinin perspektivliyinin aşağı düşməsi və məzunların əmək bazarında iş tapmaqda yaşadığı çətinliklər barədə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda kollec təhsili formal xarakter daşıyır:

“Kolleclər müstəqil və ali təhsil müəssiələri nəznində olmaq üzrə iki yerə bölünür. Lakin hər iki qrupa aid olan təhsil formal təhsildir. Orada təhsil alanların qəti haqqına girmək istəməzdim. Mənim valideynlərim də kollec məzunlarıdır. Hətta atam universitetə qəbul olmamışdan öncə iki ayrı orta ixtisas təhsili müəssisəsində təhsil alıb. Çünki o vaxt “texnikum” adlanan kolleclərin təhsilinin əmək bazarındakı yeri və nüfuzu formal deyil idi. Lakin müstəqillik illərində isə, yalnız pedoqoji əsaslı kolleclər əmək bazarı üçün kifayət qədər kadr hazırlaya bilirdi. Baxsaq, MİQ-də də görürük ki, kollec məzunu olan müəllimlər bəzən universitet məzunu olan müəllimləri də qabaqlaya bilirlər. Lakin indi, çox təəssüf ki, bir neçə müəllimlik sahəsini kollecdə saxlayıblar. Bu, texnologiya, hərbi çağırış, fiziki tərbiyə müəllimlikləridir. Hətta ibtidai sinif müəllimliyini belə kollecdən götürərək yalnız ali təhsil səviyyəsinə daxil etdilər. Mən bununla tam olaraq razıyam. Çünki bizdə kollec təhsili get-gedə zəifləyərək aşağı tempə düşmək üzrə idi. İndi də bunu bariz görə bilirik.

Bunlar nəticəsində kollec məzunlarının əmək bazarında, cəmiyyətdə özlərini realizə edə bilməməsinin şahidi olduq. Təhsilin keyfiyyəti bir kənara qalsın, diplomun keçərliliyi də o qədər də rol oynamır. Çünki bu, tam ali təhsil sayılmadığına görə əmək bazarında olan istehsalçılar, şirkətlərdə işəgötürənlər yalnız bakalavr diplomunu keçərli hesab edirlər. Həm sənədlilik, həm nüfuz, həm də yararlılıq baxımından kollec təhsili cəmiyyətdə həddindən artıq kölgədə qalıb. Təbii ki, burada itirən gənclərimizdir. Mən kolleclərdə təhsil alan, savadına görə universitet tələbəsindən geri qalmayan bir çox gənc tanıyıram. Onların hər birinə görə çox təəssüf hissi keçirirəm. Nə yaxşı ki, bir neçə il bundan öncə ortalama balı yaxşı olanların ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulları ilə bağlı qərar verildi. Hətta bəzi universitetlərdə təhsil alan tələbələr bu qərarı xoş qarşılamadı. Mənim hazırda kollecdə təhsil alan, yaxud məzun olmuş şəxslərə ürəyim ağrıyır. Əmin ola bilərsiniz ki, üç aylıq bir peşəni hər hansı bir peşə təhsili mərkəzində mənimsəmək, yaxud altı aylıq bir kurs keçmək, əmək bazarı üçün üç-dörd il kollec oxumaqdan daha faydalıdır”.

İsmayıl Bakuvi

COP29