“Bu gün ölkəmizdə elə məktəblər var ki, kurikulum metodlarından tamamilə uzaqdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.
Onun sözlərinə görə, orta məktəblərdə kurikuluma və təhsil sisteminin tələblərinə düzgün şəkildə əməl edilmir.
“Bu gün ölkəmizdə elə məktəblər var ki, kurikulum metodlarından tamamilə uzaqdır. Bunun da ən böyük səbəbi müəllimlərin kurikulum səriştəsinin yüksək olmamasıdır. Bundan əlavə, gender bərabərliyi də burada öz rolunu oynayır. Belə ki, bu gün Azərbaycanda müəllimlərin təxminən 81 faizi qadındır. Bu da gender balasının pozulmasına gətirib çıxarır və məktəbdə təhsil alan oğlan şagirdlərdə də gender dəyişikliyi baş verir”, – deyə o qeyd edib.
Ekspert digər problemlərdən biri kimi əməkhaqqı məsələsindən danışıb.
“Məktəblərdə əməkhaqqın az olması savadlı müəllimlərin məktəbdənkənar başqa işlərlə məşğul olmasına səbəb olur. Belə müəllimləri aşkarlayıb, yüksək əməkhaqqı ilə məktəbə qaytarmaq lazımdır. Müəllim və şagirdlərin dərs yükünün ağırlığı, iş dəftətləri və bəzi kitabların ödənişli olması, dərsliklərin məzmundan kənarda olması, şəraitsizlik mühiti də ayrı problemdir”, – deyə o əlavə edib.
R.Fikrətoğlu vurğulayıb ki, digər ciddi problem isə məktəblərdə psixoloq məsləsidir.
“Məktəblərdəki psixoloqlar yüksək səriştəyə malik deyillər. Bundan əlavə, psixoloqlar bütün şagirdlərlə də maraqlana bilmirlər, çünki məktəblərdə psixoloq sayı azdır, bu da yenə əməkhaqqı azlığından irəli gəlir. Belə hallar məktəblərdə təlim-tərbiyə mühitinin pozulmasına səbəb olur, demək olar ki, tez-tez məktəblərdə bıçaqlanma, təcavüz hallarına rast gəlirik. Bu halların qarşısı alınmaqdansa, gün-gündən daha da çoxalır. Bununla bağlı ciddi addımlar atılmalıdır”,- deyə o bildirib.
Təshil eksperti müəllimlərin qiymətləndirilməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib:
“Artıq yeni imtahan modeli olan sertifikasiya imtahanı da müəllimlərin əməkhaqlarında, bilik və bacarıqlarının yoxlanılmasında yüksək rol oynayır. Bu imtahanlarda müəllimlərin texniki bacarıqlarının az olması onların imtahan nəticələrinə təsir edir və onlar az əməkhaqqı almağa, bəziləri isə işdən çıxmağa məcbur olurlar. Bu da məktəblərdə resus çatışmazlığına gətirib-çıxardı. Fikirimcə, müəllimi qiymətləndirmək və onun bilik və bacarıqlarını yoxlamaq yalnız 3 saatlıq imtahanla olmamalıdır.
Repititor məsələsinə gəldikdə isə bu daha çox Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanları ilə bağlıdır. Onların abituriyentlərdən tələb etdikləri bilik və bacarıqlarının dərin olması abituriyentlərin məcburiyyət qarşısında repititor yanına getməsinə şərait yaradır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov