Orta məktəblərdə KAMERA NƏZARƏTİ: “Rəhbərlik və valideynlər şagirdlərin nə etdiyini…” – Millət vəkili

“Özəl məktəblərdə təhsil haqqının yüksək olması onlara bu xərcləri qarşılamağa imkan verər”.

Bu fikirləri məktəblərdə baş verən özbaşınalıq halları və xoşagəlməz olayların qarşısının alınması yolları haqda danışan millət vəkili Rüfət Quliyev Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, orta məktəblərin sinif otaqlarında onlayn kamera nəzarətinin təşkili təhsil müəssisələrində nizam-intizamın möhkəmləndirilməsində ciddi rol oynaya bilər:

“Son dövrlərdə orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Şagirdlərin bir-biri ilə, həmçinin müəllimlərin şagirdlərlə düzgün olmayan davranışlarına rast gəlirik.

O baxımdan, özəl məktəblərdə müşahidə kameralarının quraşdırılmasını təklif edirəm. Rəhbərlik və valideynlər bu kameralar vasitəsilə şagirdlərin nə etdiyini və müəllimlərin onlarla necə davrandığını izləyə bilərlər.

Qeyd edək ki, bir çox orta məktəblərdə sinif otaqlarından fərqli olaraq, dəhlizlərində nəzarət kameraları quraşdırılıb. Ona görə də sinif otaqlarında şagirdlərin və müəllimlərin davranışları nəzarətdən kənar qalıb.

Düşünürəm ki, təhsil ocaqlarında kameraların quraşdırılması böyük vəsait tələb etsə də, özəl məktəblərdə təhsil haqqının yüksək olması onlara bu xərcləri qarşılamağa imkan verər”.

Nuray Məmmədzadə

COP29