“Ortada ABŞ-ın geosiyasi maraqları var”

natiq_miriİranın nüvə proqramına dair danışıqların müddəti iyulun 7-dək uzadılıb. Qeyd edək ki, bu barədə Vyanada keçirilən ABŞ-İran görüşündə razılıq əldə edilib.

Politoloq Natiq Miri bildirir ki, nüvə danışıqlarında hələlik bəzi anlaşılmazlıqlar mövcuddur.

“Bu da əsasən qarşılıqlı etimadın olmamasından irəli gəlir. Çünki danışıqlar prosesində İranın Şimali Koreyanın nüvə mütəxəssislərinin İranı ziyarət etməsi haqda informasiyalar dolaşdı. Doğrudur bu sazişi pozmaq üçün dezinformasiya da ola bilərdi. Amma hər bir halda Qərb saksiyaların tədricən götürülməsinin tərəfdarı kimi çıxış edir. İran isə nüvə obyektlərinə MAQATE mütəxəssislərinin buraxılmasına və digər şərtlərə razı olmaqla dərhal bütün sanksiyaların götürülməsini istəyir. Hələlik nəzərdə tutulan zamanda saziş imzalanmadı və bu, iyulun 7-sinə kimi təxirə salındı. Amma düşünürəm ki, saziş imzalanacaq və əməkdaşlıq baş tutacaq”.

Politoloq qeyd edir ki, ortada təkcə qlobal təhlükəsizlikdən savayı dünya güclərinin, xüsusilədə ABŞ-ın geosiyasi maraqları da var.

“Bu maraqların içində Rusiya faktoru da yer alır. Ona görə də bu əməkdaşlığın baş tutacağını rahatlıqla demək olar”.

Kamran Ədalətoğlu

Yenicag.az