Orxan Camalı kim və niyə aradan götürdü? – Ekspert ehtimalları dəyərləndirir

Dünən Mərkəzi Afrika Respublikasında (MAR) Rusiyalı üç jurnalistin qətlə yetirilməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

Yenicag.az-ın məlumatına görə, qətlə yetirilənlər tanınmış hərbi jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenkonun MAR-a səfərlərinin əsas məqsədi Rusiyanın özəl hərbi korporasiyası “Vagner”in bu ölkədəki fəaliyyətinə dair sənədli film çəkmək olub.

Kifayət qədər tanınmış fiqurlar olan adları çəkilən şəxslərin qətli dünya mediasında geniş işıqlandırılmaqla yanaşı, həm də ortaya bir çox suallar çıxarıb. Orxan Camal özünün müxtəlif mövzulara aid cəsarətli fikirləri ilə məşhur idi. Camal “Vagner” korporasiyasının Suriyadakı və Krımdakı fəaliyyətinə dair də maraqlı fikirlər səsləndirərək, Kremlin siyasətini sərt şəkildə tənqid edirdi. O baxımdan, geniş miqyasda tanınan bu şəxslərin qətli fərqli versiyaların irəli sürülməsinə səbəb olub.

Görəsən, bu şəxslər sözügedən layihə ilə kimlərin “quyruğunu basdalayıblar?” “Vaqner” korporasiyasının bu qətllərdə əli ola bilərmi? Qanlı olayın təsadüf olması mümkündürmü? Hansısa “üçüncü qüvvə”nin bu qətllərə aidiyyatı varmı? Konkret olaraq, Orxan Camalın qətli kimə sərf edirdi?

Gürcüstanlı ekspert Gela Vasadze Yenicag.ru-ya açıqlamasında bu suallara aydınlıq gətirməyə çalışıb. Vasadzenin sözlərinə görə, hadisəni müxtəlif səbəblərlə əlaqələndirmək olar:

“Vagner” korporasiyasının bu qətllərdə əlinin olması ehtimalını dəyələndirəsi olsaq… Özünüz də baxın, bu şəxslər MAR-a gedərək “Vagner”in fəaliyyətini araşdırmaq, bu qurum haqqında film çəkmək istəyiblər və onları orada öldürüblər.

Məsələyə bu məntiqlə yanaşsaq, o zaman “Vagner”in bu hadisədə əlinin olması qənaəti yaranır. Ancaq eyni zamanda, Mərkəzi Afrika Respublikasındakı özbaşınalığı nəzərə alsaq, düşünmürəm ki, orada kimsə bu hadisəni diqqətlə təhqiq etsin.

“Üçüncü qüvvə”lərin bu qətllərdə mümkün iştirakına gəldikdə isə o fikirdə deyiləm ki, kimlərsə Orxan Camalı öldürmək üçün xüsusi olaraq Afrikaya getsin. Ona görə də bu ehtimalı ciddiyə almıram. O cümlədən, rəsmi ehtimal kimi irəli sürülən qarət və təsadüfilik versiyası da mənə ciddi görünmür.

Bəli, Orxan Camal çox cəsur insan idi. Ancaq adamı heç də sadəcə, tutduğu mövqeyə görə öldürmürlər ki… Burada məsələ insanın nələrisə bilməsində və ya bilmək imkanının olmasındadır.

Biz çox ümid edirik ki, bu qətlin sifarişçiləri müəyyən edilərək, cəzalandırılacaqlar”.

COP29