Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Orxan Camalın adı Azərbaycan xalqının qəhrəmanları sırasına yazılacaq” - Tatar politoloq

“Əlimizdə olan pərakəndə fakt və məlumatlar baş vermiş hadisənin tam mənzərəsini cızmağa hələ ki imkan vermir”.

Bu fikirləri Yenicag.ru-a müsahibəsində Tatarıstanlı ekspert, “TatPolit” Konseptual Meydança layihəsinin rəhbəri Ruslan Aysin deyib.

– Orxan Camalın Afrikada qətlə yetirilməsi ilə bağlı nə deyə bilərsiz?

– Böyük dostumuz Orxan Camalın qətli bütün müsəlmanları çox sarsıtdı. Dünya bir həftədir ki, bu qətldən danışır. Hadisə ilə bağlı ən müxtəlif və ziddiyyətli versiyalar irəli sürülür. Həmin versiyalar arasında isə bayağı “qarət” və güvənsiz konspirologiya ehtimalları da yer tutur. Yəni bu işdə “ağ ləkələr” kifayət qədər çoxdur. Ona görə də, əlimizdə olan pərakəndə fakt və məlumatlar baş vermiş hadisənin tam mənzərəsini cızmağa hələ ki imkan vermir.

– Orxan Camalın qətlində “Vaqner” Özəl Hərbiləşdirilmiş Şirkətin əli ola bilərmi? Orxan bu şirkət haqqında sənədli film çəkməyə hazırlaşırdı…

– Bir məsələ aydındır ki, Orxanın və dostlarının Mərkəzi Afrika Respublikasına səfəri xüsusi xidmət orqanları tərəfindən izlənilib. Onların özbaşınalıq hökm sürən bu Afrika ölkəsinə gələrək məxfi təşkilat kimi tanınan “Vaqner” haqqında sənədli film çəkmək istəmələri bu qurumun kuratorlarının ifşa olunmaq təhlükəsini yaratmışdı.
Məlumdur ki, “Vaqner” Mərkəzi Afrika Respublikasında hökumət qüvvələrinə təlim keçərək, onların döyüş və kəşfiyyat aparmaq qabiliyyətlərinin artırılması üzərində işləyir. Deyilənlərə görə, “Vaqner”dəkilər eyni zamanda həm də müxalifətdəki hərbi birləşmələrlə əməkdaşlıq edirlər. Orxan və həmkarları bu faktları üzə çıxara bilərdilər.

– Bu, tam təsadüfi qətl sayıla bilər? Hadisədə “üçüncü qüvvələr”in iştirak ehtimalı nə dərəcədədir?

– Belə bir ehtimal var ki, Orxangil əvvəldən müəyyənləşdirdikləri marşrutu naməlum səbəbdən dəyişiblər və nəticədə o tələyə düşüblər. Şəxsən mən istisna etmirəm ki, “Vaqner”çilər və ya onların kuratorları üzə çıxardıqları faktlara görə Orxan Camal və həmkarlarından qisas alıblar. Möcüzə sayəsində sağ qalan sürücü ifadəsində bildirib ki, basqınçılar üç nəfərin arasında ən ucaboylu və möhkəm bədənlini axtarırdılar. Sürücünün sözlərinə görə, basqın edənlər qətlə yetirdikləri ilə rahat söhbətləşiblər. Bu isə o deməkdir ki, onlar rus dilində danışıblar. Yəqin ki, rəsmi hakimiyyət orqanları jurnalistlərin qarət məqsədi ilə və ya müsəlman yaraqlıları tərəfindən spontan qaydada öldürüldükləri versiyasını qabartmağa çalışacaqlar. Ancaq bu, inandırıcı deyil. Üsyançıların aralarındakı bir nəfərin müsəlman olduğu üç əcnəbi jurnalisti öldürmələrinin mənası yox idi. Onlar jurnalistləri girov götürə və böyük məbləğ qarşılığında onları azad edə bilərdilər. Digər tərəfdən jurnalistlərin hərəkət etdikləri yol ən təhlükəsiz ərazilərdən biri olub.

– Orxan Camalın qətli Moskvada daha kimlərə sərf edirdi? Axı onlar nəzərdə tutduqları sənədli filmi Xodorkovski Fondunun sifarişi ilə çəkəcəkdilər…

– Nəzərə alsaq ki, “Vaqner” onsuz da dünyanın diqqət mərkəzindədir, onlara belə bir səs-küylü hadisə heç lazım deyildi. Belə şayiələr də dolaşır ki, Putin “Vaqner”in bu qətldə əlinin olması ehtimalının mövcudluğundan çox qeyzlənib. İstisna deyil ki, arzuolunmaz jurnalistərin qətli ali komandanlığın rəyini soruşmadan hərəkət edən “Vaqner”çilərin öz qərarı olub. Nəticədə bu qədər böyük skandal yaranıb. Nə olur-olsun, artıq heç nə qardaşımız Orxanı geri qaytarmayacaq. O, şərəfsizliyə və ədalətsizliyə meydan oxuyan qəhrəman kimi yaşadı və öldü. Onun açıqladığı həqiqətlərdən çoxları qorxsa da, onun özü isə heç kimdən və heç nədən nədən qorxmazdı. Bu, onun mübarizəsi idi və “Quran”a əsaslansaq, o, bu mübarizədən qalib çıxdı. Çünki Şəhidlər ölməzdirlər. Onun qatilləri tarixin hökmü ilə lənətlənəcəklər. Orxan Camalın adı isə Azərbaycan xalqının, Türk dünyasının və İslam aləminin qəhrəmanları sırasında yer tutacaq”.

Söhbətləşdi Qafqaz Ömərov

www.yenicag.az

2090
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS