!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Orxan Səfərovdan DÇ-də gümüş medal!

!Reklam – Yazi

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatına start verilib.

Yenicag.az xəbər verir ki, yarışın ilk günü 3 təmsilçimiz – Orxan Səfərov (60 kq), Leyla Əliyeva və Erdenabat Bazarraqça (hər iksi 48 kq) tatami üzərinə çıxıblar. Komandamız ilk gündə bir medalla kifayətlənib. Xanım cüdoçularımız mübarizəni erkən dayandırmalı olubsa, Orxan Səfərov dünya çempionatının gümüş medalına sahib çıxıb.

Cüdo millimiz qadınların mübarizəsində 48 kq çəki dərəcəsində iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popla qarşılaşıb və məğlubiyyətlə üzləşib. Leyla Əliyeva isə mübarizəyə 1/16 finaldan başlayıb və yaponiyalı Funa Tonakiyə uduzub.

Kişilərin mübarizəsində isə 60 kq-da Orxan Səfərov ölkəmizi təmsil edib. Millimizin bu çəki dərəcəsindəki lideri mundiala 1/16 finaldan start verib. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. 1/8 finalda portuqaliyalı Qonsalo Mansinyo ilə görüşən Orxan rəqibini 30 saniyəyə məğlub edib. Yarımfinala vəsiqə uğrunda döyüşdə 26 yaşlı Səfərov Eldost Smetovla (Qazaxıstan) üz-üzə gəlib. Olimpiya Oyunlarının gümüş mükafatçısı da təmsilçimiz qarşısında aciz qalıb. Orxan bu dəfə də vaxtından əvvəl qələbə qazanıb. Dünya və Avropa çempionatlarının mükafatçısı olan təmsilçimiz yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Cüdoçumuz bu dəfə də ipponla qələbə qazanıb. 2 dəqiqə 10 saniyəyə finala yüksələn təmsilçimiz yığmamızın ilk medalını təmin edib.

Orxanın həlledici qarşılaşmada rəqibi Naohişa Takato olub. Rio-2016-da bürünc uğrunda döyüşdə uduzduğu asiyalı Orxan üçün bu dəfə də keçilməz olub. Rəqibinə ipponla məğlub olan Orxan DÇ-nin gümüş medalına sahib çıxıb.

Yenicag.az

www.yenicag.az

1038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv