Bakıda “Tarixi prosesdə Osmanlı miniatürləri” adlı sərgi keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatşılığı ilə keçirilən sərgidə Osmanlı imperiyasının yaranmasından dağılmasına qədər bütün dövrləri əks etdirən görkəmli miniatür nümunələri sənətsevərlərə təqdim olunub. Sərgi 1918-ci ildə ermənilər tərəfindən soyqırıma məruz qalan soydaşlarımızın əziz xatirəsini yad etmək və Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə nikbin ruhda, tariximizdən nəticə çıxartmaq, milli birliyimizi və bərabərliyimizi daha da gücləndirmək məqsədilə təşkil olunub. Sərgiyə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, bəstəkar Gövhər Həsənzadə və bir sıra rəsmi nümayəndələr qatılıb.
Cənab Erkan Özoral Osmanlı mədəniyyətinin inciləri barədə jurnalistlərə məlumat verib, bu əsərlərin Bakıda nümayiş olunmasından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, 31 mart tarixinə qədər davam edəcək sərgiyə giriş sərbəstdir.