Oteldə terror DƏHŞƏTİ – Ölənlərin sayı artdı

Somalinin paytaxtı Moqadişoda otellərin birinə edilən terror hücumu nəticəsində ölənlərin sayı 10-a yüksəlib.

Bildirilir ki, hadisə nəticəsində 30-dan çox insan yaralanıb.

Ölən və yaralananlar arasında hökumət rəsmiləri də var.

Somali İnformasiya Nazirliyinin sözçüsü İsmayıl Muxtaar Omarın sözlərinə görə, bütün terrorçular hadisə yerinə cəlb edilən Afrikanın xüsusi təyinatlı qüvvələri tərəfindən məhv edilib.

***

Somalinin paytaxtı Moqadişoda otellərin birinə terror hücumu olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

Terrorçuların hücumu otelin yaxınlığında partlayıcı maddələrlə dolu avtomobilin partladılmasından başlayıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Hadisə yerinə gələn hərbçilərlə terrorçular arasında atışma baş verib.

Hücum nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb.

Bildirilir ki, ölənlər arasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərinin sayının artacağı istisna edilmir.

Yerli hakimiyyətin məlumatına əsasən, otelə “Əl-Şəbab” terror qruplaşmasının üzvləri hücum ediblər.