Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Salyan rayonunda “Mercedes” markalı mikroavtobusun “КамАЗ” markalı yük avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan mikroavtobusda sıxılı vəziyyətdə qalmış 1 nəfər sərnişin xilas edilib.
Həmçinin, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində “Toyota” markalı minik avtomobilinin Yuxarı Şirvan su kanalına düşməsi nəticəsində 1995-ci il təvəllüdlü Nimanixin Vadim Andreyeviçin meyiti dalğıc-axtarış qrupu tərəfindən avtomobilin içərisində aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.