“Turizm sahəsində gözəl nəticələr var. Qeyd etdiyim kimi, keçən il də 6 faiz artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib”.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident ölkədə turizm sənayesi yaradılmalı olduğunu bildirib:
“Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turizmi, müalicəvi turizm bizdə çox sürətlə inkişaf edə bilər. Gözəl mətbəx, müasir infrastruktur, otellər, yollar, nəqliyyat infrastrukturu, 6 beynəlxalq aeroport. Bütün bu amillər turizmin sürətli inkişafını təmin etməlidir. Bu sahədə də islahatlar aparılıb, o cümlədən struktur islahatları, Turizm Agentliyi yaradılıbdır. Görülmüş işlərlə bağlı mənə bu yaxınlarda məruzə edildi. Mən görüləcək işlərlə bağlı öz tövsiyələrimi verdim ki, biz ümumilikdə turizm sənayesini necə yaradacağıq və müxtəlif fərdi layihələr icra edilməlidir və edilir”.
Daha sonra dövlət başçısı tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlərin görüldüyünü qeyd edib:
“Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq. Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib – həmin o dağılmış binalar, eybəcər budkalar. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq”.
İlham Əliyev tarixi şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələlərinin öz həllini tapması üçün göstərişlər verildiyini bildirib:
“Bizim tarixi kəndlərimiz var. Onlardan biri Lahıc kəndidir. Bildiyiniz kimi, Şamaxıdan Lahıca daha rahat, daha təhlükəsiz, Bakıdan gələndə daha qısa yeni yol çəkildi, qaz çəkildi, yeni məktəb tikildi. Yəni, bu, bizim çox qiymətli, tarixi yerimizdir və əlbəttə ki, həm turistləri cəlb edir, həm də Lahıcda olan özünəməxsus ab-hava Azərbaycan dövlətinin nə qədər qədim və zəngin dövlət olduğunu göstərir.
Mənim Sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək”.