Ötən il necə yadda qaldı? – 2021-ci ilin əsas anları

2021-ci il dünyada bir sıra mühüm hadisələrlə yadda qalıb.

Yenicag.az.az ilin əsas hadisələrindən bəzilərini təqdim edir:

Kapitoliyə hücum

2020-ci ilin noyabrında Donald Tramp prezident seçkisində uduzdu. Lakin onun tərəfdarları məğlubiyyəti qəbul etməyərək, Kapitoliyə hücum etdilər. Kapitoli önündə izdihamlı mitinq zamanı aksiya iştirakçıları ilə polis arasında toqquşma oldu. Bundan sonra nümayişçilər Konqres binasına girib və onu bir neçə saatlığa zəbt etdilər Daha sonra bina yenidən nəzarətə götürüldü.

Əvvəlcə zəhərləməyə çalışdılar, sonra həbs etdilər

Rusiya hakimiyyətinin əsas tənqidçisi Aleksey Navalnı Noviçok zəhəri ilə zəhərləndikdən sonra təxminən altı aya yaxın Almaniyada müalicə olundu. 2021-ci ilin yanvarında Navalnı Moskvaya qayıtdı və hava limanında saxlanıldı. Bütün etirazlara baxmayaraq, müxalifətçi 3,5 il müddətinə azadlıqdan məhrum edildi. Onun təsis etdiyi Korrupsiyaya qarşı Mübarizə Fondu isə ekstremizm ittihamı ilə bağlandı.

Süveyş kanalında insident

Altı gün ərzində Süveyş kanalında ilişib qalan “Ever Given” gəmisi dünya yükdaşımalarının əsas naviqasiya “arteriya”sını bağladı. Nəticədə Qırmızı dənizdə 400 gəmidən ibarət nəhəng tıxac yarandı. Bu hadisənin iqtisadi ziyanı milyardlarla dollar təşkil etdi.

Tamaşaçısız Olimpiada

Olimpiya oyunları 2020-ci ildə Tokioda keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən oyun bir il təxirə salındı. 2021-ci ildə Olimpiada baş tutsa da, stadionlar tamaşaçısız, tribunalar boş idi.

Almaniyanın qərbində daşqın

Bu, əsrin fəlakəti idi. Almaniyanın qərbində Ahr çayı vadisində və bir sıra digər bölgələrində güclü yağışlardan sonra böyük daşqınlar baş verdi. Nəticədə 143 nəfər həlak oldu, dağıntılar yarandı. Mütəxəssislər dağılanları bərpa etmək üçün illər lazım olacağını deyirlər.

Türkiyədə meşə yanğınları

2021-ci ilin iyul-avqust aylarında Türkiyənin cənub regionlarındakı meşələrdə güclü yanğın baş verdi. Yanğın əsasən Aralıq dənizi, Egey, Mərmərə ve Cənub-Şərqi Anadolu regionlarında başladı və 239 meşə yanğınında 9 nəfər həyatını itirdi. Yüzminlələ hektar meşə və yaşayış yeri külə döndü, minlərcə heyvan tələf oldu.

Kabildən qaçış

Taliban Kabildə hakimiyyətə gəldikdən sonra bir çox əfqan qorxu içində ölkəni tərk etməyə çalışdı. Qısa müddətdə Əfqanıstandan 100 min insan qaçdı. Onlardan bəziləri ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Qətərə təxliyə edildi. Lakin çoxları ölkəni tərk edə bilmədi. Bəziləri təyyarələrin üzərinə çıxıb qaçmağa çalışarkən, bəziləri isə izdihamdakı basırıqda ciddi xəsarət aldı, xeyli insan öldü.

Palma adasında vulkan püskürməsi

Sentyabrın 19-da Kanar adalarının Palma adasında vulkan püskürməsi başladı. Dünyanın hər yerindən gələn turistlərin sevimli məkanlarından biri olan adanın yaşayış məntəqələrinə tonlarla kül və lava yığıldı. Fəlakət böyük iqtisadi ziyana səbəb oldu. Yalnız 85 gün sonra səlahiyyətlilər adanın tarixində ən uzun püskürmənin sona çatdığını elan etdilər.

Almaniyanın yeni kansleri

Bundestaq seçkisindən əvvəl kansler postuna üç namizəd mübarizə aparırdı: Armin Laşet, Annalena Berbok və Olaf Şolts. Sosial-demokratların seçkidə qalib gəlməsindən sonra məhz Şolts Almaniyanın yeni kansleri oldu. Dekabrın 8-də o, rəsmi olaraq təqaüdə çıxmış Angela Merkeli kansler kimi əvəzlədi. Angela Merkel 16 il Almaniya Federativ Respublikasının kansleri olduqdan sonra kansler postundan getdi.

İlham Əliyevin Paşinyanla təkbətək görüşü

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müharibədən sonra ilk təkbətək görüş keçirildi. Görüş dünya ölkələri tərəfindən diqqətlə izlənilirdi.

Saakaşvilinin həbsi

Gürcüstanda keçmiş prezident Mixail Saakaşvili gizlicə ölkəyə qayıtdı, lakin o gürcü xüsusi təyinatlıları tərəfindən həbs olundu. Saakaşvili vətəndaşları yerli idarəçilik orqanlarına keçiləcək seçkinin ertəsi günü irimiqyaslı mitinqlərə səsləmiş və Tiflisin mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırmışdı. Onun hələ də məhkəmə prosesi davam edir.

Belarus və Polşa sərhədində miqrant böhranı

İraq, Suriya və Əfqanıstandan olan minlərlə qaçqın noyabr ayında Belarus və Polşa sərhədində toplaşdı. Polşa sərhədçiləri miqrantları ölkəyə buraxmadılar. Merkellə telefon danışığından sonra Belarus hakimiyyəti miqrantları müvəqqəti mərkəzlərə yerləşdirdi, sonra isə geri göndərməyə başladı. Böhran hələ tam həll olunmayıb.

Planeti xilas etmək şansı

Qlazqoda keçirilən COP26 İqlim Dəyişikliyi Sammitində qlobal iqlim dəyişikliyi mövzusu ciddi müzakirə olundu. Sammitin sonunda yekun sənəd qəbul edildi. Sənədə görə, Yer kürəsində temperaturunun 1,5 dərəcədən çox artmasının qarşısı alınmalı və karbon qazı tullantılarının miqdarı azaldılmalıdır.

Qeyd edək ki, 11 yanvar Moskva və 26 noyabr Soçi üçtərəfli görüşləri, 16 Noyabr sərhəd döyüşü və 30 noyabr Qaraheybət poliqonunda helikopter qəzası nəticəsində 14 zabitin həlak olması Azərbaycanın 2021-ci ildə tarixinə yazılan hadisələrdəndir./Kult.az/