ABŞ-ın texnoloji şirkətləri 2019-cu ildə dünyanın ən bahalı brendləri reytinqində liderliyi davam etdirirlər. Bu barədə “Brand Finance” konsaltinq şirkətinin illik tədqiqatında deyilir.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, beləliklə, liderlər üçlüyünə “Amazon” (brendin dəyəri 24,6 faiz artaraq 187,9 milyard dollar təşkil edib), “Apple” (+5 faiz və 153,6 milyard dollar), “Google” (+18 faiz və 142,8 milyard dollar) şirkətləri daxil olub.
Dördüncü pillədə də ABŞ-ı təmsil edən “Microsoft” qərarlaşıb. Korporasiya 6-cı yerdən bu mövqeyə brend dəyərinin 47 faizdən çox bahalaşması sayəsində yüksələ bilib. Bununla yanaşı, “Microsoft” Cənubi Koreya nəhəngi “Samsung” şirkətini (ilk iyirmilikdə brend dəyəri il ərzində 1,1 faiz azalan yeganə istehsalçı) beşinci yerə sıxışdırıb.
Tədqiqata görə, dünya bankları arasında ən bahalı brendə 79,8 milyard dollar göstərici ilə ümumi hesabatda səkkizinci yeri tutan Çinin “Industrial & Commercial Bank of China” (ICBC) bankı malikdir. O, brend dəyərinə görə Çin şirkətləri arasında liderdir.
Avropa şirkətləri arasında brend dəyərinə görə 13-cü pillədə Almaniyanın “Mercedes-Benz” şirkəti yer alıb.