Övladı məktəbdə şiddət görən jurnalist Emin Əmrullayevə səsləndi: “Başın başqa işlərə qarışıb?”

Jurnalist Fikrət Fəraməzoğlu Ramana qəsəbəsində yerləşən 296 nömrəli tam orta məktəbin müəlimi və təmizlikçisi tərəfindən oğluna qarşı fiziki şiddət göstərildiyini bildirib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Fikrət Fəraməzoğlu sosal media hesabında yazıb.

O qeyd edib ki, xanımı məsələ ilə bağlı məktəb direktoru Vahid Muradova müraciət etsə də, direktor, “Yaxşı edib qolunu burub, gərək sındıraydı”, – cavabını verib:

“Məktəbin xadiməsi və müəllimi oğlumun qolunu buraraq, az qala sındırmaq həddinə qədər sıxıblar. Səbəb onun dərs saatı bitdikdən sonra valideynlərini gözləmək üçün qapıya çıxmaması və otaqda gözləməsi olub.

Özünün dediyinə görə, ağrıdan ağlamaq istəsə də, qolunu buran qoluzorlular onu qorxudublar.

Məktəbin direktoru Vahid adlı şəxsdir. Ramanıda hamı onu “Alkaş Vahid” kimi tanıyır. Əlinin anası direktora bununla bağlı müraciət edib. Cavabı bilirsiniz nə olub? “Get kimə istəyirsən, şikayət elə. Yaxşı edib qolunu burub. Gərək sındıraydı”.

Buradan təhsil naziri Emin Əmrullayevə söylənirəm: Sənin kənd məktəblərindən xəbərin var? Yoxsa başın başqa işlərə qarışıb? Şəhərin mərkəzindəki məktəbləri bəzəməklə elə bilirsən, təhsil düzələcək?

O günlərdə demişdin ki, bir vaxtlar 300 yerə CV yazmısan, amma ikisi cavab verib, müsahibəyə çağırıb. Bax, həmin 298 müəssisə, idarənin rəhbərləri Azərbaycanı ən çox sevənlər olublar. Çünki sənin kimi bacarıqsız, “alkaş” direktorların yanında gözükölgəli olan birinin gələcəkdə nə cür idarəçi olacağını yaxşı bilirmişlər.

Bizim uşaqlarımız sizin üçün laboratoriya siçanı, işgəncə predmeti deyil. Ya təhsilə, onun başında duranlara əncam çəkin, ya da bizi işgəncə görən və bundan sonra da görəcəklərini istisna etmədiyimiz uşaqlarımıza görə, qatil etməyin”.