Övladları PKK tərəfindən qaçırılan anaların ETİRAZı – “Ölməyə razıyam, getməyə yox”

Diyarbəkirdə anaların PKK terror təşkilatının uşaqları hədəf alan çirkin məqsədlərinə qarşı üsyanı davam edir. Fəryadlarının və zorakılığa etiraz edən hərəkətlərinin insan haqları müdafiəçisi olduğunu iddia edən bəziləri tərəfindən görməməzliyə vurulmasına və bəzi media qurumları tərəfindən xəbərlərinin işıqlandırılmamasına baxmayaraq, analar qaçırılan övladlarına qovuşmaq üçün HDP rayon təşkilatının qarşısında mübarizələrini davam etdirir.

“20 il də keçsə oğlum gələnə qədər burada oturacağıq.”

Yenicag.az xəbər verir ki, bu sözləri HDP Diyarbəkir Rayon Təşkilatı binasının qarşısında övladı üçün etiraz aksiyasına davam edən analardan biri olan Əminə Qaya deyib.

O, bildirib: “Oğlum 5 il əvvəl qaçırılıb. 20 il də keçsə oğlum gələnə qədər burada oturacağam. Burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox.”

Diyarbəkirdə ana Hacirə Akar, oğlu Mehmetin dağa qaçırılmasında HDP-nin vasitəçilik etdiyini iddia edərək 22 avqustda partiyanın rayon təşkilatı binası qarşısında oturma aksiyasına başlayıb.

Hacirə Akar oğlunu terrora qurban verməmək üçün başlatdığı aksiyada qətiyyətli mübarizəsi nəticəsində 24 avqustda övladına qovuşub. Hacirə ananın oğlu üçün apardığı mübarizə eyni ağrıları yaşayan və ürəyi övlad həsrəti ilə yanan digər analara bir nümunə olub.

H.Akarın mübarizəsini nümunə götürən Fevziye Çətinqaya, Rəmziyə Akkoyun və Ayşəgül Biçərin 3 sentyabrda başlatdığı oturma aksiyasına qatılan ailələrin sayı 55-ə çatıb.

Əminə Qaya: “Mən burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox.”

Ana Əminə Qaya, Anadolu Agentliyinə kürdcə verdiyi açıqlamada, oğlunun HDP tərəfindən qaçırıldığını və oğlu qayıdana qədər aksiyaya davam edəcəyini söyləyib.

Ə.Qaya ana kimi çox əziyyət çəkdiklərini dilə gətirib: “Bir ana uşağını bir saat görə bilməsə, harada olduğundan narahat olar. Mənim narahatlığım bir saat deyil, 5 il oldu. Beş ildir yata bilmirik. Xoşbəxt bir anımız yoxdur, gülmürük, üzümüzdə təbəssüm yoxdur. Ağrılarımız çox böyükdür. Oğlum 5 il əvvəl qaçırılıb. 20 il də keçsə oğlum gələnə qədər burada oturacağam. Burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox.”

Əllərində övladlarının şəkilləri ilə etiraz aksiyalarını davam etdirən analar həsrətini çəkdikləri övladlarına qovuşmaq üçün gözləməyə davam edirlər.

Övladlarının qaçırılmasından HDP-nin məsuliyyət daşıdığını düşünən Diyarbəkirli anaların etiraz aksiyası 65 gündür davam edir.

COP29