“Oxumaqdan imtina edən qızımın ödədiyi təhsil haqqı geri qaytarılmır” – Baza Tibb Kollecindən ŞİKAYƏT

Təhsil almaqdan imtina edən tələbənin ödədiyi təhsilhaqqı direktor tərəfindən geri qaytarılmır.

Bu barədə Yenicag.az-a şikayət edən Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinə qəbul olan Lamiyə Dərgahovanın atası Fuad Dərgahov bildirib.

Onun sözlərinə görə, qızı adıçəkilən kollecə qəbul olsa da, təhsilini davam etdirmək istəməyib:

“Qızım on günə yaxın müddətdə dərslərə məcbur getdi. Hər gün ağlayırdı ki, dərsə getmək istəmirəm. Övladımın məcbur dərsə getdiyi üçün özünə nəsə edə biləcəyindən qorxurdum. O üzdən də gedib, qızımın attestatını Kollecdən götürdüm”.

Bununla belə, Dərgahov qızının illik təhsil haqqı olaraq, ödədiyi 600 manatı geri istədikdə, direktor pulu qaytarmaqdan imtina edib:

“Direktor Dİlarə Məmmədəliyeva mənə bildirdi ki, ödədiyim pulu qaytarmayacaq. Müəllimlərin maaşı, binanın təmiri işləri var. Ona görə də, o pulu geri verməyəcək. Hətta dedi, hara şikayət edirsən, et, pul geri qaytarılmayacaq.

Təhsil haqqını təhsil alanlar verməlidir. Qızım isə artıq oradan sənədlərini götürüb, kollecdə təhsil almayacaq. Niyə görə o pulu mənə qaytarmamalıdırlar?”

Fuad Dərgahov bildirib ki, yaranmış bu vəziyyətlə bağlı aidiyyatı qurumlardan məsələyə müdaxilə olunmasını xahiş edib.

Səxavət Məmməd