“Oyun Karvanı”nın açılış mərasimi keçirildi – FOTOLAR

Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyası tərəfindən uşaqlara milli və qədim küçə oyunlarını öyrətmək məqsədilə təşkil olunan “Oyun Karvanı”nın Bakıda açılış mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Kompleksində təşkil edilmiş açılış mərasimində Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, millət vəkili Sevinc Hüseynova, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri Mehmet Mutlu, “Türk Hava Yolları”nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas, mətbuat və ictimaiyyət nümayəndələri qatılıblar.

Mərasimdə çıxış edən səfir Erkan Özoral uşaq küçə oyunlarının yaşadılmasının böyük əhəmiyyət daşıdığını vurğulayaraq azyaşlılara xitab edib:

“Uşaqlar, heç bilirsiniz, bu gün niyə buradayıq? Çünki biz bir millət, iki dövlətik!”

“Oyun Karvanı”nın təqdim edilməsindən sonra mükafatlandırma mərasimi keçirilib. Erkan Özoral, millət vəkili Sevinc Hüseynova, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna və digərlərinə fəxri diplomlar təqdim edilib.

Mərasimin rəsmi hissəsindən sonra Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri Mehmet Mutluya Azərbaycanda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən eyni məramlı “Bizim Həyət” layihəsi haqqında məlumat verilib.

Qeyd edək ki, “Oyun Karvanı” çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində də uşaqlar üçün əyləncəli tədbirlər keçiriləcək.

Aqil Bəkir