Oyun pozaq…

yenicagRauf BİNNƏTOV

Xaricdə təhsil alsam da, ölkəmizdə gedən ictimai-siyasi prosesləri diqqətlə izləyirəm. Bugünlərdə baş vermiş bir olayla bağlı mən də öz fikirlərimi bildirmək istəyirəm. Belə ki, Bakıda fəaliyyət göstərən tanınmış radiostansiyanın əməkdaşı ABŞ rəsmilərinə “iqtidarla əməkdaşlıq edən” 100-ə yaxın müxalifət və qeyri-hökumət təşkilatı nümayəndələrinin siyahısını vermişdi. İstər doğru, istərsə də yalan- bu tipli məlumatların başqa ölkələrin nümayəndələrinə verilməsi nə qədər düzgündür?

Nəzərə alsaq ki, bu radiostansiyanın mərkəzi qərargahı kənarda yerləşir, onda bu cür insanların xarici kəşfiyyat orqanları və xarici şəbəkələrlə işləməsini demək, çox məntiqlidir.
Başqa bir məsələ xalq diplomatiyası adı altında xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları ilə bağlıdır. Bu qurumlar xarici dövlətlərin maliyyəsi ilə hər il fərqli-fərqli ölkələrdə ermənilərlə bir yerdə “barışıq seminarları, konfransları” və “workshoplar” təşkil edirlər. Sonda da ermənilərlə birlikdə kafe-restoranlardakı qonaqlıqlardan şəkillər yayırlar…
Bir başqa məsələ isə xaricdən maliyyələşən fondlar vasitəsilə təqaüd qazanıb, bu ölkələrin nüfuzlu universitetlərində təhsil alan şəxslərlə bağlıdır. Onlar universiteti bitirdikdən sonra ictimai sektorda çalışmağa başlayırlar. Dünyanın aparıcı təhsil ocaqlarının Azərbaycanla bağlı təşkil etdiyi panellərə dəvət olunurlar, amma dəvət edildikləri tədbirlərdə dövlətimizi tənqid edirlər. Azərbaycanla bağlı mövzularda Qarabağ məsələsinə, Ermənıstanın 20 faiz torpaqlarımızı işğal etməsinə, 1 milyon insanımızın məcburi qaçqın kimi öz yurd-yuvalarından zorla didərgin salınmasına, BMT-nin 4 qətnaməsinə baxmayaraq, bunlara əməl olunmaması kimi məsələlərə toxunmurlar .
Azərbaycanda nümayəndəliklər açan bəzi xarici təşkilatların təmsilçiləri də analoji mövqe tuturlar. Yadımdadır, 2005-ci ildə Türkiyənin məşhur jurnalisti Banu Avar ölkəmizdə fəaliyyət göstərən, Norveçdən olan insan haqları ilə bağlı təşkilatın nümayəndələrindən Qarabağla bağlı fikirlərini soruşmuşdu. Norveçdən olan dırnaqarası insan haqları müdafiəçiləri isə bu suala cavab verməkdən imtina etdilər və problemə “bu, beynəlxalq məsələdir” kimi şərh verdilər.
Bu tipli misalları çox çəkmək olar. Əsas isə odur ki, onlardan dərs götürək. Qarşıdan 2015-ci il Avropa Yay Olimpiya oyunları yaxınlaşır və bəzi xarici təşkilatlar ölkədəki bir sıra qüvvələrin əli ilə 2012-ci il “Evrovision” müsabiqəsində olduğu kimi, təşkil etdiyimiz tədbirlərdən istifadə edib, bizə qarşı təzyiqləri artırmağa çalışacaqlar. Gəlin, bir olaq, təxribatlara uymayaq və oyun pozanlardan olaq.

COP29