Oyuncaqdan imtina edən uşaqları gözləyən TƏHLÜKƏ – VİDEO

İnternetin inkişaf etdiyi dövrdə azyaşlıların da bu rəngarəng dünyaya – internetə marağı böyükdür.

Yenicag.az xəbər verir ki, internetin maraqlı olduğu qədər neqativ təsirləri də var.

Psixoloqlar bildirirlər ki, internet uşaqlara kompüter, planşet, mobil telefon və digər cihazlar vasitəsilə təqdim olunduğu üçün daha çox maraq çəkir. İnternetdən normadan artıq istifadə beyini yorur, daxili gərginliyi artırır, diqqəti yayındırır və uşaqların ünsiyyət qurmalarında ciddi problemlərə yol açır.

Psixoloq Aidə Nəbiyeva ARB-yə internetdən çox istifadənin depressiyaya səbəb olduğunu deyib:

“İnternetə yönəlmə insanları bir-birindən uzaqlaşdırır. Bu da depressiyalara gətirib çıxarır. İnternet asılılıq dünyada konkret xəstəlikər siyahısına daxil edilib. Misal üçün Rusiyada valideyn övladını internet asılılıqdan müalicə etdirmək üçün nevropatoloq, psixoloq yanına aparır”.

İKT üzrə ekspert Cahid İsmayıloğlu bu mövzuda valideynlərin maarifləndirilməsinin gərəkliliyini vurğulayıb:

“Valideynlər bu işlə məşğul olan mərkəzlər tərəfindən maarifləndirilməlidirlər. İnternet provayderlər də diqqətli olmalıdırlar. Onlar vətəndaşlara zərərli informasiyalardan təmizlənmiş intermet təqdim etməlidirlər. Əfsuslar olsun ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bəzi provayder şirkətləri ictimayətə “süzgəcdən” keçirilmiş internet təqdim etmirlər”.

Ekspertlər zərərli məlumat yayımlayan saytların xüsusi qara siyahıya salınmasını və bu işdə Avropa təcrübəsindən istifadəni təklif edirlər.

Qeyd edək ki, “Kaspersky Lab” şirkətinin dünya üzrə araşdırmalarına görə bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətdən çox video məzmun və musiqiyə üstünlük veriblər. Ən məşhur portallar isə “Facebook” və Youtube” olub.

Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan azyaşlıların payı 34,5 faizdir. İnternetin günü-gündən daha əlçatan olması səbəbindən uşaqlar asanlıqla bu təhlükənin qurbanına çevrilirlər. Ekspertlərin fikrincə problemin həlli üçün həm valideynlərin, həm də provayder şirkətlərin üzərinə öhtəliklər düşür.