Öz gözündə tiri görməyənlər…

Azər HƏSRƏT, [email protected]

İki mininci illərin əvvəllərində Böyük Britaniyanın Özbəkistanda bir səfiri vardı. Kreyg Mörri (Craig Murray).

Yaxından izlədiyim birisi idi. Əslində, mənim üçün insan haqları, media azadlığı məsələlərində güvənli informasiya mənbələrindən biri idi. Bu səfir həmin illərdə ABŞ mərkəzli məlum və məşhur Freedom House haqqında deyirdi: “Freedom House ABŞ və koalisiya qüvvələrinə tam dəstək verməsi səbəbindən geniş anlamda azadlıqları dəstəkləmək məsələsində tam qüsurlu davranır”.

Bunun izahı odur ki, Freedom House həmin dönəmdə Özbəkistan üzərindən Əfqanıstan hərəkatını gerçəkləşdirən NATO (əslində ABŞ) silahlı qüvvələrinin ciddi ehtiyac duyduğu Daşkəndin insan haqları pozuntularına göz yumurdu…

Bu qurum, iddia etdiyi kimi, dünyada insan haqları və demokratiyanın dəstəkçisi deyil. Olması da imkansızdır zatən. Çünki elə qurulduğu ilk gündən ABŞ dövlətinin əl quzusu olub, pulunu da bu günə qədər ordan alır.

Tarixə baxılırsa, Freedom House 1941-ci ildə qurulub. İlk fəxri rəhbəri ABŞ-ın ovaxtkı 1-ci xanımı Eleonor Ruzvelt olub. Bununla hər şey bəlli olmurmu? Yəni bu qurum iddia etdiyi kimi QHT (NGO) deyil, indiki anlamla DQHT (GONGO) tanımlamasına daha uyğun gəlir.

İndi kimsə çıxıb deyə bilər ki, aradan bu qədər zaman keçib, münasibətlər sistemi dəyişib. Elədir. Amma dəyişməyən bir şey qalmaqdadır: bu quruma həmişə ABŞ dövlət qurumlarında çox önəmli vəzifə tutmuş keçmiş vəzifəlilər başçılıq edir. Hələ idarə heyəti, bütün önəmli vəzifələri də məhz belə adamlara etibar edilir. Üstəlik, maliyyəsi də ABŞ dövlətindən gəlir. Örnək üçün, 2016-cı il hesabatlarında Freedom House-un maliyyəsinin 86 faizi ABŞ dövlətinin payına düşür…

Ümumiyyətlə, bu qurum haqqında aydın zəkalı insanların dəyərləndirməsi belədir: Freedom House xoşuna gəlməyən dövlətləri cəzalandırmaq, gözümçıxdıya salmaq, nəzarətə tabe etmək üçün ABŞ dövlətinin əlində bir zopa rolunu oynayır.

Sübuta ehtiyacı olmayan dəyərləndirmədir. Günü sabah Azərbaycan dövləti sərhədlərini NATO, yaxud da elə birbaşa ABŞ hərbi qüvvələrinə açsa, Freedom House onu dünyanın ən demokratik dövləti elan edəcək. Yəni onların yanaşmasına görə, əl əli yuyar, əl də üzü. Yaxud da sən mənim üçün, mən də sənin üçün.

Təbii ki, Azərbaycan belə bir alverə açıq ölkə deyil. Olması da imkansızdır. Çünki Prezident İlham Əliyevin dediyi və hər əməlində göstərdiyi kimi, Azərbaycan, təcavüzkar, ələbaxımlığa öyrəncəli Ermənistandan fərqli olaraq ləyaqətli dövlətdir. Elə Freedom House kimi təşkilatların xoşuna gəlməyən də budur.

Freedom House məhz buna görə Azərbaycanı gözümçıxdıya salmağa çalışır, hətta bunun üçün Ermənistandan istifadə edir. Əlavə olaraq, işə işğal altındakı Dağlıq Qarabağı da qatır.

Necə? Çox sadə bir yolla. Hər yönüylə bərbad gündə olan, insan azadlıqlarının nəinki addımbaşı pozulduğu, hətta dinc nümayişlərdə vətəndaşlarını güllələyən Ermənistanı “yarımazad” elan etməklə. Bu azmış kimi Dağlıq Qarabağı da eyni dərəcədə “yarımazad” kimi qələmə verməklə.

İndi gəl də bunlara sual vermə ki, işğal altında olan və heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan Dağlıq Qarabağ necə yarımazad ola bilər? Büsbütün işğal altında olan torpağın yarımazad olmasını necə anlamaq olar?

Təbii ki, bu sualların cavabları Freedom House-un başbilənlərinə bizdən də yaxşı aydındır. Amma Azərbaycan dövləti onların dövlətinin hər istəyinə ləbbeyk demədiyinə görə belə edirlər.

Haşiyə: 2002-ci ildə Dakarda (Seneqal) bir tədbirdə iştirak edirdim. Orda Freedom House-un Şərqi Avropaya məsul nümayəndəsi Karin Karlekarla tanış oldum. İşində yeni idi. Onda da Ermənistan yarımazad, Azərbaycan isə azad olmayan ölkə kimi dəyərləndirilirdi. Xanım Karlekara Ermənistandakı gerçək durum haqqında bilgi verib müqayisə apardım və soruşdum: necə olur ki, jurnalistləri parlamentdə terror törədən, media təmsilçilərinin maşınlarına qumbara atılan, həftə səkkiz mən doqquz qələm əhli döyülən bir ölkə yarımazad elan edilir, Azərbaycan kimi medianın azad fəaliyyətinə hər cür şəraitin yaradılmasına çalışan ölkə isə azad olmayan? Bu söhbətin sonucu o oldu ki, 2003-cü ildə dərc edilmiş 2002-ci ilin hesabatında Azərbaycan ilk və son dəfə yarımazad ölkə kimi göstərildi…

Fikrimi onunla yekunlaşdırmaq istərdim ki, Freedom House və bənzər təşkilatların hesabat və dəyərləndirmələri, iddia edildiyi kimi obyektiv ölçülərə söykənmir. Belə qurumlar böyük dövlətlərin əlində sözə baxmayan, ipə-sapa yatmayan dövlətləri basqı altında saxlamaq üçün vasitədir. Bunlar öz gözlərində tiri görməyib bizim kimilərin gözündə çöp axtaracaqlar hər zaman. Ona görə də onların dəyərləndirmələrini milçək vızıltısı kimi qəbul edib öz yolumuza davam etməliyik.