Öz işi ilə məşğul olan ADAM

imageAzərbaycanda çox iş görüb az danışan insanları barmaqla saymaq olar. Söhbət həm də həmin o çox işin mahiyyətindən gedir. İctimai, siyasi əhəmiyyətindən, sanbalından gedir. Özü də reklamsız-filansız. Onlar arxalarınca kameralar daşıtdırmır, yanlarında məddahlar gəzdirmirlər. Heç bir xalqa lazım olan işləri görürlər. Özü də minnətsiz-sünnətsiz. Soruşduqda bunu sıradan bir vəzifə borcu kimi dəyərləndirirlər. Mətləbi çox uzatmayaq. Bu zümrəyə məxsus insanları gözümün qarşısına gətirdikdə öndə Azay Quliyev gəlir.

 

Tanrı bu insanı böyük işlər üçün yaradıb. Cəmi 44 yaşı var. Bu zaman çərçivəsinə sığışdırılan gərəkli işlərin sayı-hesabı yoxdur. Uğurlarının bünövrəsində aldığı davamlı təhsil və daim öyrənmək həvəsi durur. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Lakin o, təkcə tarix elmini öyrənməklə kifayətlənmədi. Universitetdə oxuya-oxuya 1995-1996-cı illərdə Ankarada Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun “Beynəlxalq Dövlət İdarəçilik Proqramı”nda da əlavə təhsil alaraq biliklərini zənginləşdirdi.

 

Ən başlıcası isə cəmiyyəti öyrəndi, dərin savadı, ağlı, zəkası ilə yaşadığı ağır dövrün keşməkeşlərindən üzüağ çıxmağı bacardı.

 

Onun aləmində oxumaq, öyrənmək heç vaxt gec deyil. Ona görə də 2010-cu ilin fevral-mart aylarında ABŞ-da Harvard, “Kennedy School”da, “QHT Liderləri üçün Strateji İdarəetmə” proqramında, 2007-2013-cü illərdə isə Bakı Dövlət Universitetinin Doktoranturasında təhsilini davam etdirib. Azay Quliyevin həmin illərdəki fəaliyyətini nəzərdən keçirdikdə gördüklərinə inana bilmirsən. Hətta ən gənc yaşlarında, tələbəlik illərində qeyri-hökumət təşkilatları yaradaraq gənc qüvvələri ətrafında birləşdirir, liderlik qabiliyyətini nümayiş etdirirdi.”Elitar” Gənclər Klubu və “Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri kimi gəncləri ölkənin inkişafı və qüdrətlənməsi işinə hazırlayırdı. Belə bir aktiv fəaliyyət eyni zamanda onun idarəçilik sahəsində təcrübəsini artırır, hərtərəfli inkişafında xüsusi rol oynayırdı. Az sonra isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri (1998-1999), Azərbaycan Milli QHT Forumunun prezidenti (1999-2008) seçilməsi genişmasştablı fəaliyyətin məntiqi nəticəsi idi.

 

Bu da son deyildi. Nəhayət, 2005 və 2010-cu illərdə seçicilər ona etimad göstərərək Milli Məclisə deputat seçdi. Beləliklə də, Azay Quliyevin ictimai fəaliyyəti siyasi fəaliyyətlə çuğlaşaraq daha böyük əhəmiyyət kəsb etdi. Bu geniş meydanda tükənmək bilməyən enerjisini, potensialını ortaya qoymaq üçün var gücünü sərf etdi.  Hazırda ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eyni zamanda bu nüfuzlu beynəlxalq təşkilatın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavinidir. O, digər beynəlxalq qurumlarda da təmsil olunur və harda olur-olsun Azərbaycanın haqq işini ləyaqətlə müdafiə edir.

 

Azay Quliyevin ictimai-siyasi fəaliyyətində qeyri-hökumət təşkilatlarının qayğıları da başlıca yer tutur. 2008-ci ildən daşıdığı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri vəzifəsi ona QHT-ləri bu qayğılardan vaxtaşırı azad etməyə yetərincə şərait yaradır. Ən ümdəsi isə dövlətin vətəndaş cəmiyyətinə dəstəyinin uğurlu mexanizmi olan Şura QHT-lərə məlumat, təşkilati-texniki, konsultativ, maliyyə və metodiki yardım edir.

 

A.Quliyevin ölkə daxilində əldə etdiyi uğur beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb. 2012-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri QHT-ləri Forumunun prezidenti seçilib.Uğurlu fəaliyyətini burada da davam etdrir. Onun tərcümeyi-halında yazılan bu cümlələrə diqqət yetirin:

“2013-cü ildə “Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə” mövzusunda dissertasiya işi müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktorudur. QHT sahəsində ilk doktorluq işi olan dissertasiyada vətəndaş cəmiyyətinin vacib tərkib hissəsi olan QHT-lərin inkişaf dinamikası, müasir Azərbaycan siyasi elmində QHT institutlarının yeri və rolu araşdırılıb, mövzu beynəlxalq təcrübə müstəvisində geniş təhlil edilib”.

 

Azay müəllimin fəaliyyət dairəsinə daxil olan işləri bir-bir sadalamalı olsaq, böyük bir siyahı alınar. Lakin daim işi başından aşsa da, seçicilərini yaddan çıxarmır. Hər zaman onların problemləri ilə maraqlanır və bu problemlərin həllində yaxından iştirak edir. Hər kəsin ümid, pənah yeridir. Kimsə qəbulundan naümid qayıtmır.

 

Maraqlıdır ki, istənilən siyasi düşərgədə hər kəs Azay Quliyevin adını hörmət və ehtiramla çəkir. Səmimiyyəti, hər kəslə mehriban münasibəti, ağıllı, məntiqli fikirləri, yüksək mədəni səviyyəsi ona böyük nüfuz qazandırıb. Jurnalistlərlə davranışı digər ictimai-siyasi xadimlərə də örnək ola bilər.

 

Azay Quliyev bir çoxlarından fərqli olaraq reklam işi ilə deyil, öz işi ilə məşğuldur. Və bundan sonra hələ çox məşğul olacaq.

 

Rumiyyə/Aktual.az