Avropa Azərbaycanlıları Konqresinin (AAK) rəhbərliyi qurumun fəaliyyətinə yönəilk böhtan və iftiralara kəskin etirazını bildirib.
Yenicag.az xəbər verir ki, AAK İdarə Heyətinin üzvü, BeNiLüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov bəzi yerli nəşrlərdə AAK-a qarşı həqiqətə uyğun olmayan materialların dərc olunmasını məqsədli şəkildə həyata keçirilən böhtan kampaniyası kimi dəyərləndirib.
Elsevər Məmmədovun yazdığına görə, bu çərçivədə işıq üzü görmüş növbəti yazıda AAK-ın prezidenti Sahil Qasımov hədəfə götürülüb. “Amsterdamda yaşayan İlqar Bəkirov” imzalı böhtan dolu həmin “yazı”da Qasıvovun ünvanına iftiralar yağdırılıb.
Məmmədov qeyd edib ki, o yazı dərc edildikdən sonra AAK təmsilçiləri və Amsterdamdakı diaspora fəallarımız “İlqar Bəkirovu tapmağa və onun hansı işlərlə məşğul olduğunu dəqiqləşdirməyə çalışsalar da, bu axtarışlar nəticə verməyib”. Çünki nəinki Amsterdamda, ümumiyyətlə, Hollandiyada bu ad-soyadda adamın yaşamadığı müəyyənləşib. Bu isə həmin “müəllif”in qorxaqlığını birbaşa təsdiqləyir.
Məmmədov bildirb ki, sözügedən “müəllif” AAK nümayəndə heyətini “Kataloniya separatçıları ilə görüşməkdə” ittiham edib:
“Müəllif bununla mənim də bostanıma daş atıb – çünki mən də o nümayəndə heyətinin tərkibində olaraq, orada keçirilmiş üç görüşdə iştirak etmişəm və ona görə də bu iftiraya cavab verməyə bilmərəm.
“İlqar Bəkirov”a demək istəyirəm ki, kiminsə sifarişi ilə nəsə yazmağa başlamazdan əvvəl əsas faktları dəqiqləşdirmək lazımdır ki, sonra arzuolunmaz vəziyyətə düşməyəsən. Axı orada hansı “separatçılar” olub?
Digər tərəfdən, “Bəkirov” iddia edir ki, bizim keçirdiyimiz həmin görüşlərə media diqqət ayırmayıb. Halbuki dövlət agentliyi olan AZƏRTAC bu barədə material yayımlayıb. Bundan başqa, əgər biz orada “separatçılar” və “ermənilərin dostları” ilə görüş keçirsəydik, məgər AZƏRTAC o görüşü müsbət aspektdən işıqlandırardı?
Bildirmək istəyirəm ki, bizim görüşdüyümüz şəxslər – İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi polkovnik Luis Qastuera Novella, Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova və Kataloniya Muxtariyyatının Baş prokuroru Fransisko Baneres Santos separatizmin qəti əleyhdarlarıdırlar”.