Öz sözünün girovuna çevrilən ABŞ prezidenti – Tramp nüvə düyməsinə basacaqmı?

Vaşinqtonla Pxenyandan verilən nüvə hücumu ilə təhdid bəyanatları dünyanı məhvedici müharibənin astanasına gətirib.

Yenicag.Az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın “ipə-sapa yatmaması” ABŞ prezidenti Donald Trampın Pxenyana yönəlik ritorikasını daha da sərtləşdirib.

Şimali Koreyanın BMT-nin qərarına baxmayaraq, Yapon dənizi hövzəsində nüvə sınaqlarını davam etdirməsi ABŞ-ı çətin vəziyyətə salıb. Regiondakı əsas müttəfiqləri – Yaponiya ilə Cənubi Koreyanı qorumaq öhdəliyi daşıyan ABŞ bölgəyə yeni hərbi kontingent göndərməkdədir.

Pxenyanın bu hazırlıqlara adekvat cavabı, o cümlədən ABŞ-a nüvə raketləri atmaqla bağlı təhdidi fonunda Vaşinqtonun növbəti addımları bütün dünyada narahatlıqla izlənilir.

Yaranmış vəziyyəti Yenicag.Az-a dəyərləndirən politoloq Natiq Mirinin fikrincə, ABŞ-la Şimali Koreya arasında nüvə müharibəsinin baş vermə ehtimalı kifayət qədər böyükdür:

“Amerikalı yazıçı Dink Şimali Koreya ətrafında yaşanan olaylara münasibət bildirərkən deyib ki, burada Trampla Kim Çen In “Böyük dəli” adı uğrunda mübarizə aparırlar.

Fikrimcə, hər iki şəxs rasional addımlar ata biləcək lider deyillər. Ona görə də, dünyada istənilən an nüvə müharibəsinin başlaması çox mümkün görünür. Açığı, dünya ciddi təhlükə ilə üz-üzədir.

Tramp düşünürdü ki, qorxutmaq və hərbi təyyarə daşıyan gəmini yarımadaya göndərməklə, Şimali Koreya rəhbərliyini yürütdüyü siyasətdən geri çəkilməyə vadar edə biləcək. Ancaq qarşısındakının özündən də böyük bir dəli olduğunu görən Tramp artıq çətin vəziyyətə düşüb.

Çünki ABŞ prezidenti dediyi sözün arxasında durmaq məcburiyyətindədir. Eyni zamanda, Amerika həm də müttəfiqləri olan Cənubi Koreya ilə Yaponiyanın təhlükəsizliyini təmin etməlidir.

Belə düşünürəm ki, hazırda həm ABŞ, həm də Şimali Koreya qarşı tərəfi qəfil nüvə bombardmanı ilə ram etmək planları üzərində çalışır. Ola bilsin ki, yaxın müddətdə ABŞ-ın strateji bombardmançıları Şimali Koreyanın nüvə raketləri saxlanılan qazmaları və obyektlərini yerlə bir etsin. Trampın impiçment təhlükəsi ilə üzləşməsi bu ehtimalı daha da ciddiləşdirir.

Bu halda ABŞ hökuməti impiçment məsələsinin başqa istiqamətə yönəlməsi üçün bu cür qəfil hərbi əməliyyatlara ehtiyac duya bilər. O baxımdan, Rusiya və Çin ABŞ-ın kiçik nüvə raketləri ilə Şimali Koreyanı vura biləcəyindən çox narahatdırlar. Hadisələrin belə bir inkişafı isə tək Koreya yarımadasını deyil, bütün dünyanı oda salar”.

ELÇİN
Yenicag.Az

COP29