!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öz təxribatında “boğulan” Ermənistan və İlham Əliyevin Sərəncamı ilə normal həyata qaytarılan Tovuz – ANALİZ

!Reklam – Yazi

Bu il iyulun 12-də Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində başladığı və bir neçə gün davam edən təxribat işğalçı ölkənin öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində olmadığını növbəti dəfə təsdiqlədi. Azərbaycan Ordusunun layiqli cavab tədbirləri nəticəsində məqsədinə yenə nail ola bilməyən Ermənistan istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından, böyük itkilər verərək, geri çəkilməyə məcbur oldu. Döyüş meydanında hərbin yazılan və yazılmayan qanunlarına məhəl qoymayan Ermənistan bu uğursuzluqdan yaranan dərin ruh düşkünlüyünü Tovuz və digər rayonlarımızın təmas xəttinə yaxın kəndlərini ağır silahlardan atəşə tutmaqla aradan qaldırmağa, məğlubiyyəti bu yolla “sığortalamağa” cəhd göstərdi.

Ermənistanın bu insanlığa sığmayan davranışı nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, həmçinin infrastruktur obyektlərinə ciddi ziyan vurulub. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə prezident İlham Əliyev iyulun 20-də “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Qeyd olunan Sərəncama uyğun olaraq, mülki əhaliyə, dövlət əmlakına, həmçinin infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi İqtisadiyyat və Fövqəladə Hallar (FHN) nazirliklərinə tapşırılıb.

Çox əlamətdar haldır ki, sözügedən Sərəncamın dünən imzalanmasına baxmayaraq, artıq həmin sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsinə başlanılıb. Bu çərçivədə xüsusi İşçi Qrup yaradılıb, görüləcək işlərin icrasına mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin faktik vəziyyəti araşdırılır, müayinə və ekspertiza işləri aparılır. Bildirilir ki, dövlətə və mülki əhaliyə dəymiş ziyanın miqyası və məbləği qısa müddətdə müəyyən ediləcək. Məlumata görə, aparılan qiymətləndirməyə dair təqdim olunacaq hesabat əsasında dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Prosesin davamında hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər ölkə Prezidentinə təqdim ediləcək.

Ermənistanın hərbi təxribatı nəticəsində zərər çəkmiş Tovuz rayonunun 6 kəndi – Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində aparılmış ilkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Eyni zamanda, adları çəkilən yaşayış məntəqələrindən keçən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturuna da zərər dəyib.

Dövlət başçısının haqqında danışılan Sərəncamından irəli gələrək, Tovuz rayonunda mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib. Başlanan işlərin gedişatına nəzər saldıqda, mülki əhaliyə məxsus evlərin və infrastrukturun qısa müddətdə bərpa olunacağını, həyatın tamamilə öz məcrasına qayıdacağını əminliklə söylətə bilərik. Həyata keçirilən bütün bu tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır, ölkənin ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman yüksək həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır.

Prezident İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Bundan başqa, Tovuz istiqamətində gedən döyüşlərdə həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçimizlə əlaqədar Heydər Əliyev Fonduna müvafiq tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, cəbhəyanı bölgələrdə infrastrukturun bərpası, yeni qəsəbələrin inşası, yeni təsərrüfatların və müəssisələrin yaradılması yönündə davamlı addımlar atılır. Görülən işlər çərçivəsində şəhid ailələri dövlət hesabına evlə təmin edilir və onları narahat edən məsələlər qısa müddətdə öz həllini tapır. Rəsmi məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər şəhid ailələrinə və müharibə əlillərinə təqribən 7 min 600 mənzil və fərdi ev verilib. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin ailələrinə 11 min manat birdəfəlik ödəniş edilib.

Bu işlərlə yanaşı, işğaldan azad edilmiş kəndlərimizdə də həyatın normal məcraya qaytarılması yönündə fəaliyyət sürətlə davam etdirilir. O çərçivədə 2016-cı il Aprel döyüşlərindən sonra prezident İlham Əliyevin göstərişi əsasında yeni həyat bəxş edilən və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər xüsusi qeyd olunmalıdır. Cocuq Mərcanlı kəndində yem artıq emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, o cümlədən, inkubator məntəqəsi fəaliyyət göstərir. Dövlət başçısının müvafiq Sərəncamlarına uyğun olaraq, 2016-cı il Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb, yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Bu çərçivədə Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

Bütün bu sadalananlar Azərbaycan dövlətinin, prezident İlham Əliyevin hər zaman vətəndaşın yanında olduğunu, əhalinin, xüsusilə də, cəbhə bölgələrində yaşayan, işğalçı Ermənistanın hərbi təxribatları ilə üz-üzə dayanan insanlarımızın problemlərinə necə həssaslıqla yanaşdığını, şəhid hərbçilərimizin ailələrinin tamamilə dövlət himayəsinə götürülməsini təmin etdiyini əyani surətdə təsdiqləyir.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv