“Özbəkistan Avrasiya Birliyinə yox, Türk dünyası ilə inteqrasiyaya üstünlük verəcək” – Elxan Şahinoğlu

“Prezident Şavkat Mirziyoyevin ilk qərarı Özbəkistanı Türk Şurasına qaytarmaq oldu”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Özbəkistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmaq ehtimalını şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun fikrincə, Rusiya AİB-in tərkibinin genişləndirilməsi üçün çox canfəşanlıq edir:

“Bu məsələ artıq bir müddətdir ki, gündəmdədir. Bəli, Rusiya çox çalışır ki, Özbəkistan Avrasiya İqtisadi Birliyinin üzvü olsun. Digər tərəfdən, elə Moskvanın özündən belə bir ziddiyyətli açıqlama verildi ki, AİB-nin genişlənməsində tələsmək lazım deyil. İndiki ağır şəraitdə bu məsələnin aktuallaşacağını düşünmürəm”.

Politoloq qeyd edib ki, Özbəkistan AİB-yə yox, əsasən, Türk dünyası ilə inteqrasiyaya üstünlük verəcək:

“Özbəkistanın mövqeyinə gəldikdə, inanmıram ki, Daşkəndin seçimi Rusiyanın xeyrinə olsun. Özbəkistanın yeni lideri də bu məsələdə tələsməməyə çalışır, bunun mənfi və müsbət tərəflərini hesablayır.

Ölkənin yeni prezidenti Şavkat Mirziyoyevin ilk qərarı Özbəkistanı yenidən Türk Şurasına qaytarmaq oldu. Eks-prezident İslam Kərimovun dönəmində Özbəkistan ümumtürk inteqrasiyasından kənarda qalmışdı. Ona görə də düşünürəm ki, Özbəkistan daha çox Türk dünyası ilə inteqrasiyaya üstünlük verəcək, nəinki AİB-yə”.

Aqil Bəkir