Özbəkistanda keçirilən parlament seçkilərinin ÖNƏMİ: “Bu, ciddi siyasi prosesdir”

“Özbəkistanda dünən parlament seçkiləri keçirildi və seçkilərin artıq başa çatması ilə bağlı məlumatlar verildi. 70 faizdən artıq seçki aktivliyinin olması diqqətə çatdırıldı və bu barədə də məlumatlar verildi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq ötən gün Özbəkistanda keçirilən parlament seçkiləri, habelə bu seçkilər fonunda Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, ümumiyyətlə, Özbəkistanda parlament seçkilərinin keçirilməsi və onun nəticələri ilə bağlı detallara varmadan öncə diqqətə çatdırmaq lazımdır ki, Özbəkistan Azərbaycana çox yaxın olan dost və qardaş dövlətdir:

“Xalqlarımız türk xalqları ailəsinə aiddir, eyni zamanda, bizim Özbəkistanla münasibətlərimiz çox yüksək səviyyədədir. Türk Dövlətləri Təşkilatına aid olan dövlətlər, eyni zamanda, Mərkəzi Asiyada müttəfiq və dost dövlətlərdən biri kimi Özbəkistanda seçkilərin keçirilməsi Azərbaycan dövləti üçün də önəm kəsb edir. Bizim əsas istəyimiz və məqsədimiz qardaş və dost özbək xalqının səslərinin lazımi qaydada dəyərləndirilməsi və seçki hüququndan istifadə edən özbək xalqının mövqeyinin məhz o nəticələrdə əks olunması ilə bağlıdır”.

X.Bəşirov vurğulayıb ki, seçki, xüsusilə də əsas seçkilərdən biri kimi parlament seçkiləri ölkə gündəmində və xalqın həyatında ən ciddi siyasi proseslərdən biridir:

“Azərbaycan artıq dəfələrlə bu proseslərdən keçən bir dövlət kimi bunun nə dərəcədə əhəmiyyətli və vacib bir hadisə olduğunu anlayır. Ona görə də Özbəkistanda parlament seçkilərinin keçirilməsi özbək xalqı və dövləti üçün çox böyük əhəmiyyət daşıyır. Doğrudur, Özbəkistan prezident respublikasıdır və orada parlament seçkiləri hökumətin formalaşmasını həyata keçirməsə də, ölkədə qanunvericilik hakimiyyətinin həyata keçirilməsi ilə bağlı hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, bu hakimiyyət qolunun həyata keçirilməsi sarıdan çox önəmli bir hadisədir”.

Onun fikrincə, parlamentin formalaşması Özbəkistan dövlətinin inkişafında önəmli rol alır:

“Təbii ki, bu da Azərbaycan-Özbəkistan münasibətlərinə təsir etməyə bilməz. Mənə elə gəlir ki, Özbəkistanda bu seçkilərin keçirilməsi və seçkilərin ədalətli şəkildə, qanunauyğun və səs verən şəxslərin mövqeyinə uyğun nəticələri hasil etməsi, əlbəttə ki, özbək xalqı üçün önəm kəsb edir. Hesab edirəm ki, bundan sonra da veriləcək nəticələrlə bağlı məlumatlı olacağıq”.

Rafi Müslümov

COP29