Özbəkistanda referendum başa çatdı

Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə bütün respublika üzrə başa çatıb.

Yenicag.az xəbər verir ki, Ölkədə yerli vaxtla saat 8:00-dan 20:00-a qədər (Bakı vaxtı ilə saat 7:00-dan 19:00-a qədər) 10,7 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib.

Bundan əlavə, Özbəkistanın 39 xarici dövlətdəki diplomatik və digər nümayəndəliklərində 55 seçki məntəqəsi yaradılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı son məlumata görə, saat 17:00-dək referendumda seçici fəallığı 81,39% təşkil edib. Qeyd edək ki, ölkədə exit-poll keçirilmir. Özbəkistan MSK-nın seçici fəallığının və səsvermənin ilkin nəticələri barədə məlumatı bazar ertəsi açıqlayacağı gözlənilir. Referendumun rəsmi nəticələri plebisitdən 10 gündən gec olmayaraq dərc edilməlidir.