“Əgər həmin təhsil müəssisələri keyfiyyətsiz təhsil verərsə, valideynlər də övladını həmin məktəbə verməkdən imtina edə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında özəl təhsil müəssisələrində qiymətlərin yüksək olması və onların keyfiyyəti barədə danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, özəl təhsil müəssisələrində təhsil haqlarını təhsil müəssisəsi özü müəyyən edir.
“Burada hər hansı bir meyar müəyyən olunmayıb. Yəni o qiymətlərin müəyyən olunmasında sərbəstdir. Bu, 18 yaşına çatmamış təhsil alanlara münasibətdə onların valideynlərinin özəl təhsil müəssisəsi ilə bağladığı müqavilə əsasındadır. 18 yaşına çatmış təhsil alanlara münasibətdə isə onların özlərinin müəssisə ilə bağladığı müqavilə əsasında həyata keçirilir”, – deyə o bildirib.
E.Qafarov qeyd edib ki, özəl təhsil müəssisəsinə üz tutan hər bir şəxs keyfiyyətsiz təhsilə ödəniş etməz:
“Bizdə özəl təhsil müəssisələrində qiymət kifayət qədər yüksəkdir. Təbii ki, buraya üz tutan şəxslər də keyfiyyət gördükləri üçün oraya üz tuturlar. Əgər həmin təhsil müəssisələri keyfiyyətsiz təhsil verərsə, valideynlər də övladını həmin məktəbə verməkdən imtina edə bilər. Bu təhsil haqqında qanunun 42-ci maddəsi ilə də qorunub. Nəticə etibarı ilə həmin özəl təhsil müəssisələrinə gedənlərin sayında da azalma baş verər. Bu baxımdan, özəl təhsil müəssisələrində, xüsusilə də beynəlxalq proqramla olan təhsildə kifayət qədər irəliləyişlər var. Bir çox halda təhsil alanlar və onların valideynləri özəl təhsil müəssiələrinə məhz beynəlxalq təhsil proqramı ilə təhsil alması üçün müraciət edirlər. Burada tələb və təklif məsələsi də var. Qiymətlər tədris proqramına və valideynlərin ödəmə qabiliyyətinə uyğun olaraq müəyyən olunur. Burada hər hansı qayda haqda danışmaq doğru deyil”.
İsmayıl Bakuvi