Artıq müəyyən müddətdir ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən cəmiyyətin marağında olan mövzulardan birinə çevrilib. Hətta bununla bağlı əlində çeki qalan vətəndaşlar aidiyyəti qurumlara müraciətlər də ediblər.
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Mövzu ilə bağlı sosioloq Nail Cəlilin Yenicag.az-a müsahibəsini təqdim edirik:
– Özəlləşdirmə çekləri ilə bağlı məsələnin aktuallığını itirməməsi bu problemin tezliklə həll olunmasına rəvac verə bilərmi?
– Bu məsələ artıq uzun müddətdir gündəmdədir. Belə ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. İctimaiyyətin fəal kəsimi, xüsusən çeklərini istifadə etməmiş şəxslər özəlləşdirmə paylarının istifadə vaxtının uzadılmasında maraqlıdırlar. Bununla bağlı parlamentdə də müəyyən müzakirələr aparılıb. Bütün hallarda əllərdə qalan, istifadə olunmamış özəlləşdirmə paylarının təmin edilməsinin və ya reallaşdırılmasının iqtisadi-hüquqi mexanizmi tapılmalıdır. Çünki çeklərdə payçının özəlləşdirməyə çıxarılan əmlakın müəyyən bir hissəsinin sahibi olması göstərilir. Ona görə də heç bir halda özəlləşdirilməyə yatırılmamış, mülkiyyət, sahibkarlıq hüququnu müəyyən edən çeklər qüvvədən düşə bilməz.
– Özəlləşdirmə çeklərinə inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi yeni nominal qiymətin qoyulması qanunla tənzimlənməlidirmi?
– Belə bir qiymətləndirmə aparılarsa, əvvəl çeklərdə göstərilən əmlak payının bərabər, real dəyəri müəyyənləşdirilməlidir. Lakin uzun müddət real dəyər deyil, nominal qiymət və bazara psixoloji təzyiq önə çəkildiyindən özəlləşdirmə paylarından əhalinin çoxu lazımınca faydalana bilməyib. İstənilən halda, müvafiq addım atılarsa, çeklərin yeni nominal qiymətinin müəyyənləşdirilməsi zərurəti yaranacaq. Hətta bazar tələb-təklif prinsipi ilə qiymətlər təyin ediləcək. İnflyasiya ilə bağlı qismən indeksləşdirilmənin aparılması mümkündür.
– Özəlləşdirmə çekləri qiymətli kağız sayılırmı?
– Bu, iqtisadçıların və sosioloqların ən çox müzakirə predmetinə çevirdiyi məsələlərdən biridir. Faktiki olaraq ölkədə mülkiyyətin bir hissəsinə hüquqi, sahibkarlıq payını ifadə etdiyi üçün vətəndaşların iqtisadi haqlarını tənzimləyən hüquqi sənəddir. Bu səbəbdən çeklərin ləğv olunması, dövriyyədən çıxarılması yanlış, mülkiyyət hüququnu pozan bir qərar idi. Digər tərəfdən, çeklərdə konkret sahibkarın adı, ona düşən özəlləşdirmə payının dəqiq təsviri verilmədiyindən çeklər, əsasən, qiymətli nominal kağızlar kimi istifadə olunub. Sadəcə əhalinin ehtiyacları müqabilində dəyərindən dəfələrlə aşağı qiymətə satılıb, məhdud əllərdə cəmləşib, bir çox hallarda təyinatı üzrə yönəldilməyib. Bu səbəbdən məsələyə yenidən baxılmasına ehtiyac var.
Mövzuya dair ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz.
Gülşən Şərif