“Özümüzü düşmənə güldürməyək” – Tanınmış icmalçıdan deputatlara sərt reaksiya

Ötən həftənin ən maraqlı hadisələri millət vəkilləri Hadi Rəcəbli və Arif Rəhimzadənin açıqlamaları ilə bağlı oldu.

Məsələyə sərt münasibət bildirən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin (QALİB) sədri, icmalçı Azər Verdiyev deputatların son bir neçə ayda verdiyi açıqlamaların cəmiyyətdə böyük aqresiyaya səbəb olduğunu dedi: “Bugün torpaqlarımızın 20 faizi işğal altındadır. Prezident, Ali Baş Komandan İlham Əliyev bütün mümkün imkanlardan istifadə edərək düşmənin dizini yerə qoyub. Eyni zamanda Mehriban xanım Əliyevanın daha böyük məsuliyyətin altına girməsi, birinci vitse-prezident təyin edilməsi ölkəmizdə aparılan ciddi islahatların başlağıcı kimi qiymətləndirilməlidir. Belə bir məqamda, ümidi bütün istiqamətlərdə kəsilən düşmən mediası bizim rəsmilərimizin ağzından çıxan hər sözə diqqətlə yanaşır, informasiya savaşında trendi dəyişmək istəyirlər. Hadi Rəcəblinin sözündə bir həqiqət var ki, bəzi yaşlı ziyalılarımız pensiya yaşına çatdıqda məcburən işdən azad edilmə mexanizminə qarşı çıxırlar, hələ də işləmək istədiklərini deyirlər. Ancaq bunu cəmiyyətə normal formada çatdırmaq da olardı. Cəmiyyəti aqresivləşdirəcək formada danışmaq isə gülüncdür. Arif Rəhimzadənin “biz türk deyilik” fikrinə isə cəmiyyətdə artıq yetərincə təpki gəldi. Yaxşı xatirimdədi düşmən medasında 90-cı illərdə tez-tez “Azərbaycanlılar milli kimliklərini müəyyən edə bilmirlər” tipli yazılar dərc edilirdi. Ulu Öndər Heydər Əliyev isə bu mübahisələrə birdəfəlik son qoydu və “BİZ TÜRKÜK, TÜRK AİLƏ QRUPUNA AİD AZƏRBAYCANLILARIQ” dedi. Ümumiyyətlə hesab edirəm uzun illər, dəfələrlə cəmiyyətdə aqresiya yaradacaq açıqlamalar verən bütün məmurlar vəzifədən uzaqlaşdırılmalıdırlar. Cəza mexanizmi real iş ortaya qoymasa düşmən bizə hələ çox güləcək”.

Yeniçağ.az