Özündən iki dəfə yaşlı adamla “VƏTƏNDAŞ NİKAHI”: “16 yaşında evləndirmə cinayət sayılırsa…”

“Qızı evdən qaçmağa və o yaşda ailə qurmağa nə vadar edib, bunların aydınlaşdırılması zəruridir”.

Bu fikirləri 16 yaşlı qızın 32 yaşlı şəxslə ailə quraraq birlikdə yaşamasına dair ictimailəşən məlumata münasibət bildirən sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 16 yaşında evdən qaçan qızın ailə məsələlərinə, valideyn-övlad münasibətlərinə görə analiz edilməsi vacibdir:

“Ümümiyyətlə, qızın erkən yaşda nikaha daxil olması yolverilməz məsələdir. Onlar bir yerdə qeyri-qanuni olaraq, vətəndaş nikahında yaşayıblar. Dünən əlaqədar qurum açıqlama verdi ki, 17 yaşda müəyyən şərtlər əsasında rəsmi nikaha daxil olmaq mümkündür.

Əvvəlcə qeyd edim ki, mən bunu doğru addım hesab etmirəm. Çünki bu başqaları üçün də stimul olacaq və belə halların artmasına təkan verəcək. 16 yaşında evdən qaçan qızın ailə məsələlərinə, valideyn-övlad münasibətlərinə görə analiz edilməsi şərtdir və adiyyatı qurumlar tərəfindən ciddi araşdırma aparılmalı idi.

Qızı evdən qaçmağa və o yaşda ailə qurmağa nə vadar edib, bunların aydınlaşdırılması zəruridir. Biz yalnız kənardan müzakirə edə bilirik, amma adiyyatı qurum ailə daxilində araşdırma apararaq real vəziyyəti üzə çıxara bilər.

Sosial şəbəkələrdə 32 yaşlı şəxsin fiziki qüsurlu olduğuna görə trendə çevrildiyini düşünürəm, çünki bizim cəmiyyətdə fiziki məhdudiyyətli şəxslərə qarşı xüsusi münasibət var. Onlar nə etsə, doğru hesab olunur. Amma bu məsələdə həmin şəxsin etdiyi konkret cinayətdir.

Həmçinin qeyd edim ki, qanuna görə, 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq, onun öz razılığı ilə baş tutursa, bu cinayət deyil. Amma 16 yaşında ailə qurmaq cinayət hesab edirlər. Bu iki müddəa arasındakı ziddiyyətə diqqət yetirilməlidir”.

Nuray Məmmədzadə

COP29