Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenicag.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Biləsuvar Rayon Polis şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Elçin Mirzəyev bildirib ki, təcridxanaya Məhəmməd Heydərov etap olunub: “Onun üzərinə baxış keçirildi. Məlum oldu ki, o, özünə xəsarət yetirib. Bu barədə rəhbərliyə məruzə etdim. Təhvil vaxtı məlum oldu ki, dustaqlardan bəziləri işlə bağlı qaytarılıb”.
Prosesdə ifadə verən, hazırda həbsdə olan Məhəmməd Heydərov deyib ki, hadisə günü qatarda olub: “Lənkəran Məhkəməsinə gedəndə yolda məhkəməyə etiraz olaraq özümü kəsmişdim. 7-8 tikiş atmışdılar qoluma. Buna görə məni geri qaytarmışdılar. Etibar Məmmədovla qatarda qonşu otaqlarda olmuşam və həm də onun kəndçisi olmuşam”.
M.Heydərovun məhkəmədəki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ifadəsi elan olunub. Şahid ifadəsində göstərib ki, E.Məmmədov qatarda sərbəst şəkildə gəzib, ona 10 manat da pul verib.
Proses sentyabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.